Almaniyalı alim Sumqayıt hadisələrinin 35-ci il dönümü ilə bağlı paylaşım edib

Almaniyalı alim Dr. Mixail Raynhard Hess Sumqayıt hadisələrinin 35-ci il dönümü ilə bağlı öz “Facebook” səhifəsində paylaşım etmişdir.

Gununsesi.info xəbər verir ki, o, öz paylaşımında faciəvi Sumqayıt hadisələrindən Ermənistanın Azərbaycanla münaqişədə siyasi iddiaları üçün alət kimi istifadə etdiyini vurğulamışdır. Dr. Hess qeyd edir ki, istər elmi işlərdə, istər mətbuatda, istərsə də şəxsi təəssüratlar paylaşılarkən bu hadisələr “azərbaycanlıların ermənilərə qarşı olan etnik nifrəti”nin göstəricisi kimi təqdim olunur. Ermənilər hətta propaqanda yazılarında Sumqayıt hadisələri ilə 1915-ci il Osmanlı imperiyasında baş verən hadisələr arasında əlaqənin olmasını iddia edirlər. Buna tipik misal olaraq 2010-cu ildə ermənilərin çəkdiyi “Sumqayıt, Fevral 1988. Adi Genosid” propaqanda filmi göstərilir. Ermənilər Cənubi Qafqazda baş verənləri təsvir edərkən və Azərbaycana qarşı qaldırdıqları ərazi iddialarında Sumqayıt hadisələrini alət kimi istifadə edilir.

HTML tutorial

Dr. Hess yazır ki, “Ermənilərin saxta tarix konstruksiyasının nümunələrindən biri o iddianın üstündə köklənmişdir ki, “28 və 29 fevralda Sumqayıtda ermənilərin qurban verilməsi onlara ərazi iddiası qaldırmaqdan başqa hər hansı seçim etməyə imkan verməmişdir. Belə ki, ermənilər azərbaycanlılara qarşı ərazi iddiası qaldırmaqla özlərini azərbaycanlıların təqibindən qurtarmışlar””.

Alman alim vurğulayır ki, bu tarixi əsası olmayan “tezis” əslində mahiyyətcə irqçi elementləri özündə ehtiva edir. Bu konstruksiyanın absurd olması göz qabağındadır. 1915-ci ildə Osmanlı dövründəki hadisələrlə 1988-ci il Sovet dövründəki Sumqayıt hadisələri arasında heç bir bağlantı yoxdur. Fakt budur ki, Sumqayıt hadisələrindən bir neçə gün öncə, fevralın 22-də Əsgəran şəhəri yaxınlığında erməni Vitali Balasanyan iki azərbaycanlını, Bəxtiyar Quliyev və Əli Hacıyevi etnik nifrət zənnində qətlə yetirmişdir. Sonralar Balasanyan “erməni xalqının qəhrəmanı” elan edilmişdir. Bu təhrikedici hadisələri Silva Kaputukyan kimi millətçi bir yazıçı daha da alovlandırmışdır.

35 il əvvəl baş vermiş Sumqayıt hadisəsi, onun səbəbləri və arxasında duran şəxslərlə bağlı çoxsaylı fərziyyələr mövcuddur. Bunlardan biri zor tətbiqində Sovet mərkəzi aparatının hüquq mühafizə orqanlarının əli olması ilə bağlıdır. Bu kontekstdə hələ də cavabı olmayan suallardan biri odur ki, SSRİ Baş Prokurorunun müavini, SSRİ-nin Baş hərbi prokuroru Aleksandr Flippoviç Katukuşev (1939-2000) 1988-ci il fevral ayının 27-də axşam nəyə görə Sumqayıta səfər etmişdir. Qarabağ hadisələrinin obyektiv tədqiqatçılarından olan və Azərbaycanla heç bir yaxınlığı olmayan britaniyalı jurnalist Tomas De Vaal “Qara bağ” adlı kitabında bu hadisə ilə bağlı yazır ki, Katuşev Sumqayıta gəlməklə və burada etdiyi çıxışla “barıt çəlləyinə kibrit çəkmiş”dir. Fevralın 28-də isə Sumqayıtda ilk ölüm hadisəsi törədildi.

Alman alim Dr.Hess paylaşımının sonunda Moskvada fəaliyyət göstərən, Sovet fiziki və insan hüquqları müdafiəçisi Andrey Saxarovun adını daşıyan Saxarov İnstitutunun bu günlər bağlanması ilə Sumqayıt hadisələri arasında paralellər aparmışdır. “Necə olmuşdur ki, Sovet hidrogen bombasının atası sayılan bu alim milyonların məhvinə hesablanmış bu dəhşətli silahı kəşf etməklə yanaşı dünyada sülh və insan hüquqlarının müdafiəçisi kimi də çıxış etmiş və 1975-ci ildə Nobel Sülh Mükafatı almışdır”, deyə Dr. Hess sual verir.
“Hidrogen bombasını düzəltmiş bu sülh mələyi” 1988-ci il martın 21-də Sovet İttifaqının o dövrkü hakim şəxsi Mixail Qarbaçova məktub göndərməklə erməni tarixində iki mifologiyanı özününkiləşdirərək qeyd edir ki, “DQMV 1923-cü ildə Azərbaycana birləşdirilmişdir”. Saxarov bununla DQMV-nin 1921, daha dəqiq desək 1923-cü ildə yaradılması tarixi faktını kənara qoyaraq tarix boyu Azərbaycanın tərkib hissəsi olan bu ərazinin Azərbaycana birləşdirildiyini iddia etmişdir. Saxarov həmçinin Qarabağın tarixi və müasir dövrünün “başqa əsas bir elementini” də özününkiləşdirərək yazmışdır ki, “Sumqayıt hadisələri istər-istəməz 1915-ci il hadisələrini xatırladır”.

Saxarov kimi beynəlxalq nüfuza malik şəxsin Sumqayıt hadisələri və ümumilikdə Qarabağla bağlı sırf ermənilərə məxsus baxışı qəbul etməsi erməni millətçiləri və separatçıların Azərbaycanla apardıqları münaqişədə hansı propaqanda miqyasına nail olduqlarını təsdiqləyir.. Bu kontekstdə Saxarov kimi qəribə və şübhəli təbiətə malik bir şəxsin Qarbaçova əsaslandırlmamış məktub göndərməsi bu insanın müdafiəsinə qalxdığı məsələlərin mahiyyətinin fərqində olmadığının sübutudur. Bu isə Sumqayıt hadisələrində mifologiyanın hələ də təkzibolunmaz faktlar və xronologiya üzərində dominantlığa malik olduğunu bir daha göstərir.

Almaniyalı alim, fəlsəfə elmləri doktoru Mixael Raynhard Hess “Tanklar cənnətdə. Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi” (2016), “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi” (2022), “Qarabağ 13-cü əsərdən 1920-ci ilədək. Azərbaycan tarixinin acılımı” (2020-2022) kitablarının müəllifidir.

Gununsesi.info