Avropa Parlamentində Paşinyanın “Sülh” şousu

  • By ilhame
  • 17 Oktyabr 2023 19:30

3 il əvvəl məhz bu gün Ermənistan ordusu Gəncə şəhərinin dinc sakinlərinin başına ballistik raketlər yağdırırdı. Gəncənin hərbi əməliyyatlar zonasından 70 km məsafədə yerləşməsinə və orada heç bir hərbi infrastrukturn olmamasına baxmayaraq Paşinyan ordusu dinc sakinləri məhv etməkdə qərarlı idi. Erməni siyasi hakimiyyəti düşünürdü ki, dinc insanları öldürməklə Azərbaycan Ordusunu dayandırmaq və işğalı davam etdirmək olar. Bu, Ermənistan dövlətinin apardığı terror siyasətinin aşkar təzahürü idi. Lakin xalq öz ordusunun arxasında möhkəm dayanmışdı, torpaqların azad olunması naminə hər cür məhrumiyyətlərə dözməyə hazır idi.

3 il sonra elə bu tarixdə işğalçı və terrorçu ölkənin rəhbəri Avropa Parlamentində alqışlarla qarşılanır. 44 günlük müharibədə bütün hərbi imkanlarını itirmiş və gələcəyə bağladığı xəyalları puç olmuş Ermənistan rəhbəri bu gün Avropa Parlamentində özünü sülh göyərçini libasında təqdim edir.

Ermənistan Baş naziri Paşinyan ölkəsində demokratiyanın hökm sürdüyünü, aşkarlığın artdığını və bu il 7% iqtisadi artıma nail olunduğunu iddia edir. Paşinyan öz hökümətinin korrupsiyaya qarşı mübarizədə uğurlarından və 2018-ci ildən etibarən büdcə gəlirlərinin 70% artmasından danışır. Bununla belə ölkənin büdcəsinin beynəlxalq maliyyə dəstəyinə ehtiyacı olduğunu bildirməklə az sonra Avropadan pul dilənəciyini də əvvəlcədən diqqətə çatdırır.

Nəhayət, erməni riyakarlığının spesifik xüsusiyyəti də özünü göstərməli idi. Paşinyan öz dinləyicilərini tərifləyərək deyir ki, burada Ermənistan və Qarabağ erməniləri haqqında müzakirə olunan bütün məsələlərdə Avropa Parlamenti həmişə həqiqəti deyib və deməkdə də davam edir. Əlbəttə, Paşinyan öz “həqiqətini”, yəni uydurma həqiqətini nəzərdə tutur və doğru deyir. Doğrudan da Avropa Parlamenti həmişə Ermənistanın təqdim etdiyi saxta “həqiqətləri” dəstəkləyib. Bu isə o anlama gəlir ki, Avropa Parlamenti həmişə Ermənistanın apardığı terrorçuluq və işğalçılıq siyasətinin arxasında dayanıb. Bəli, bu mənada Paşinyan haqlıdır. 30 il ərzində 1 milyon soydaşımızın ev-eşiyindən uzaqda ağır şəraitdə yaşamasının səbəbkarlarından biri  Ermənistan və havadarları ilə birlikdə həm də Avropa Parlamenti olub.

Meqri yolunun “Zəngəzur dəhlizi” adlandırılması Azərbaycanın Ermənistanla müharibə etməsinə şərait yaradır. Erməni siyasəti nə qədər bəsit və anlaşıqlı olsa da, Paşinyanın bu dəhliz məntiqini anlamaq o qədər də asan məsələ deyil. Paşinyan unudur ki, Zəngəzur dəhlizinə Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən nəzarət olunmasına razılığı o özü verib. Bununla bağlı Azərbaycana qarşı irəli sürdüyü bütün iddialar isə əsassızdır.

Beləliklə Paşinyanın “SÜLH” şousu bu gün Avroap Parlamentinin səhnəsində baş tutdu.

Cavanşir Feyziyev

Gununsesi.info