Avropa İttifaqı hökuməti həbsdəki siyasi fəalları və jurnalistləri azad etməyə çağırır - XİN İSƏ DEYİR Kİ...

  • By admin
  • 22 Dekabr 2023 14:30

“Avropa İttifaqı Bakını fundamental hüquqlarından istifadə etdiklərinə görə həbs edilənləri azad etməyə, müstəqil jurnalistika və ifadə azadlığı üçün şərait yaratmağa çağırır. Avropa İttifaqı Azərbaycanla insan haqları üzrə dialoqu və əməkdaşlığı davam etdirməyə sadiqdir”.

 Gununsesi.info-nun xəbərinə görə, bunu Avropa İttifaqının  Ali Nümayəndəsi Jozef  Borelin mətbuat katibi Peter Stano bildirib.

Açıqlamada daha sonra qeyd edilir: ” Aİ insan hüquqları, o cümlədən əsas azadlıqlar və qanunun aliliyinin Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin mühüm elementləri olduğunu vurğulayır. Son bir ay ərzində Azərbaycanda on jurnalist həbs edilib, bir qrup müxalifət lideri və siyasi fəal da dəmir barmaqlıqlar arxasında olub”.

“Əsassız iddialar Azərbaycan və Aİ əlaqələrinin inkişaf perspektivlərinə zərbə vurur”.

Bu fikirləri isə  Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa İttifaqının Azərbaycan əleyhinə iddiaları ilə bağlı bəyanatına dair şərhində deyib.

O, Avropa İttifaqının (Aİ) Azərbaycanda jurnalistlərin və siyasi fəalların saxlanması ilə bağlı əsassız ittihamlarını qətiyyətlə rədd etdiklərini bildirib: “Bu cür əsassız və qərəzli bəyanatları, Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə cəhdləri kimi qiymətləndiririk. İstintaqın gedişatına müdaxilə edilməsi qəbuledilməzdir və məhkəmə prosesinin işinə müdaxilə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyi prinsipinə ziddir”.

A.Hacızadə təəssüf hissi ilə qeyd edib ki, Aİ-nin Ermənistanda insanların fundamental hüquq və azadlıqlarının pozulması, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda həyatlarını itirməsi hallarına, habelə siyasətçilər və onların ailə üzvlərinə qarşı təqiblərə biganə qalması ikili standartların bariz nümunəsidir. O Aİ-ə tövsiyə edib ki, Azərbaycana qarşı bu kimi əsassız bəyanatlarla çıxış etmək əvəzinə, üzv dövlətlərində insan hüquqlarının pozulması hallarına diqqət yetirsin: “Aİ tərəfi Fransada “sarı gödəkçələr” aksiyasında 12 nəfər üzvün öldürülməsi, Aİ strukturlarında rüşvətxorluq və korrupsiya hallarının yayılması, İslamofobia və müsəlmanlara qarşı hücum faktlarını hələ də araşdırılmayıb və adekvat münasibət bildirməyib. Qeyd edilənlər fonunda, Aİ-nin bu cür qərəzli və ədalətsiz bəyanatları Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Bu əsassız iddialar Azərbaycan və Aİ əlaqələrinin inkişaf perspektivlərinə zərbə vurur”, – A.Hacızadə vurğulayıb.

Afət

Gununsesi.info