Biz Azərbaycanda müntəzəm olaraq hökumətlə müxtəlif fərdi və ümumi insan hüquqları məsələlərini müzakirə edirik - BRİTANİYA SƏFİRİ

  • By admin
  • 07 Dekabr 2023 19:42

Böyük Britaniya üçün dünyanın bütün nöqtələrində insan hüquqlarının müdafiəsi vacibdir. Böyük Britaniya Azərbaycanlı tərəfdaşlarımızla da, insan hüquqları ilə bağlı açıq dialoqu saxlayır”.
Gununsesi.info-nun xəbərinə görə bunu adıçəkilən ölkənin Bakıdakı səfiri Fergus Auld Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan qəbulda deyib:

Səfir bugünkü tədbirin ərsəyə gəlməsində dəyərli əməkdaşlıqlarına görə ABŞ səfirliyinə, Aİ nümayəndəliyinə və İsveçrə səfirliyinə şəxsi təşəkkür edib:
“İnsan hüquqları gündəliyi bizim hamımızı birləşdirən bir mövzudur.

Bu, həmçinin, Böyük Britaniya üçün vacib bir mövzudur. Biz bütün dünyada açıq cəmiyyətləri və insan hüquqlarının müdafiəsini gördüyümüz işlərin mərkəzinə qoyuruq. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin imzalanmasından 75 il sonra belə, Böyük Britaniya beynəlxalq nizama, demokratiya və azadlıqların inkişaf etdiyi dünyaya inamla sadiq qalır.

Biz Azərbaycanda müntəzəm olaraq hökumətlə müxtəlif fərdi və ümumi insan hüquqları məsələlərini müzakirə edirik. İnsan hüquqları ilə bağlı mesajlarımızı həm qapalı görüşlər, həm də ictimai çağırışlar vasitəsilə çatdırırıq.
Avropa üzrə nazirimiz Leo Dokerti iki həftə əvvəl Azərbaycanda olarkən biz hüquq müdafiəçiləri ilə görüşdük. London İqtisadiyyat Məktəbinin akademiki, cənab Qubad İbadoğlunun saxlanması və “Abzas Media” rəhbərlərinin yenicə baş verən həbslərini müzakirə etdik.

Noyabrın əvvəlində biz BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın Universal Dövri İcmalı zamanı üç tövsiyə vermişdik. Biz Azərbaycan hökumətini i) istintaq proseslərini təkmilləşdirməyə; ii) diffamasiya ilə bağlı zəruri dəyişikliklər etmək; və iii) məişət zorakılığının bütün formalarını kriminallaşdırmaq üçün zəruri addımlar atmağa çağırdıq. Ümid edirik ki, bu və digər tövsiyələr Hökumət tərəfindən qəbul ediləcək

Bugünkü tədbir gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq çərçivəsində baş verir. Biz qadınların və qızların hüquqlarının müdafiəsinə xüsusi diqqət yetiririk. Biz hər kəsin xeyrinə gender bərabərliyinin təmin etmək, qadınların iqtisadi imkanlarını genişləndirmək, qadınların sülh və təhlükəsizliyə töhfə vermələrinə kömək etmək üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli hakimiyyət orqanları, BMTİP və aparıcı qadın təşkilatları ilə tərəfdaşlıq edirik.

Biz həmçinin qürurla minalarla bağlı humanitar fəaliyyətə maliyyə və texniki dəstək veririk – baxmayaraq ki, bu dəstəyin okeanda bir damla olduğunu qəbul edirik. Biz bu problemi həll etmək və uzun müddət köçkün olmuş insanların təhlükəsiz şəkildə evlərinə qayıtmasına imkan yaratmaq üçün yerli tərəfdaşlarla işləməyə davam edəcəyik.

İcazə verin, çıxışımı bu axşam buraya toplaşan bütün müdrik, cəsur və səxavətli insanlara insan hüquqlarının müdafiəsi istiqamətində gördüyünüz həyati əhəmiyyətli işlərə görə təşəkkürümü bildirməklə yekunlaşdırım. Mən sizinlə birlikdə işləməkdən həm məmnun oluram, həm də ilhamlanıram. 75 il əvvəl qəbul olunan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin ruhunu yaşadırsınınız”.

Pərviz Həşimli
Gununsesi.info