Aslan İsmayılov: “Yaşlı qadına qarşı olan polis tərbiyəsizliyi “Polis haqqında” qanuna görə cəzasız qalmamalıdır”

  • By admin
  • 21 İyun 2023 22:46

Gununsesi.info tanınmış vəkil Aslan İsmayılovun Gədəbəydə yerli əhali ilə polis qüvvələri arasında baş verən toqquşma ilə bağlı fikirlərini təqdim edir:

9 sentyabr 2022-ci ildən 2 dəfə Parkla bağlı paylaşmamı nəzərə almasanız son zamanlar sosial şəbəkələrdə olmamışam. Səhifələrimi tam bağlamamağımın yeganə səbəbi Dövlətimiz ətrafında təhlükəli hadisələrin cərəyan etməsi olub. Bu müddət ərzində çoxlu sayda vacib hadisələr olsa da fikir bildirməmişəm və düzünü desəm belə istəyim də olmayıb, çünki uzun müddət ətrafımda baş verən haqsızlıqlardan, insanların biganəliyindən yorulmuşdum.

HTML tutorial

 

Gədəbəydə baş verən hadisələr dünəndən məni ciddi narahat etsə də yenə susmaq istədim, ancaq mümkün olmur, özümü sanki özümə xəyanət etmiş kimi hiss etdim. Ancaq videoların birində cavan yaşlarında dişləri tökülmüş ana-bacıları görüb qısa şəkildə fikrimi bölüşmək qərarına gəldim. Bu gün çoxlarını narahat edən polis işçilərinin azğınlığıdır. İnanıram ki, sakit yolunu gedən yaşlı qadına qarşı olan polis tərbiyəsizliyi “Polis haqqında” qanuna görə cəzasız qalmamalıdır. O cür azğınlıq ilk növbədə polis adına, bütövlükdə Daxili İşlər Nazirliyi adında ləkədir. Digər qıcıq yaradan məqam isə bir sıra dövlət rəsmilərinin sanki bilərəkdən insanlarda ikrah hissi yaradan açıqlamalarıdır. Belə bir həssas məqamda hər kəs ifadələrində diqqətli olmalı, hikkələrini kənara qoymalıdılar.

 

Mənə görə polis tərbiyəsizliyindən əlavə baş verənlər daha ciddi, dəhşətli problemlərdir və hakimiyyət tərəfindən ətraflı araşdırılmalıdır. Zənnimcə 2 problem daha qlobal və vacibdir.

Gədəbəydə qızıl mədəni fəaliyyəti 2 çox ciddi problem yaradır. Birincisi, tək Söyüdlü kəndinin, Gədəbəy rayonunun yox, eləcə də yaxın rayonların əhalisinin sağlamlıq problemidir. Rəsmilər nə qədər malalamaq istəsələr də həmin zavodun fəaliyyətinin ətrafda yaşayan insanların sağlamlığı üçün ciddi təhlükə olması, xərçəng xəstəliyinə səbəb olması faktdır. Bircə faktı qeyd edim ki, arıçılıqla, balı ilə fərqlənən Gədəbəydə indi nə arıçılıq, nə də bal var. Bu isə rayonun ekoloji vəziyyətinin göstəricisidir. Gədəbəy rayonunda mədən fəaliyyəti hələ 19-cu əsrdə “Siemens” şirkəti tərəfindən başladılsa da mənim də bəyənmədiyim SSRİ dövrü insanların sağlamlığı üçün təhlükəli olduğundan dayandırılmışdır. SSRİ dağılandan sonra Azərbaycanın çox ciddi iqtisadi problemləri olan vaxtlar həmin ərazidə qızıl emalı zavodunun tikintisi məsələsi qaldırılsa da məhz insanların sağlamlığı üçün təhlükəli olduğundan rəhmətlik Heydər Əliyev bu təklifi qətiyyətlə rədd etmişdir. Bu günlərdə adı daha çox hallanan zavodun tikdiyi və genişləndirmək istədiyi su anbarı tək buxarlanma ilə yaxın ətrafa yox, həm də çaylara sızması ilə yaxın rayonları su ilə təmin edən çaylara qarışmaqla o yerlərdə yaşayan əhalininin də sağlamlığına zərərlidir.

İkinci problem isə ekoloji problemdir ki, bu da son nəticədə insan həyatına ciddi zərər verir. Ekologiyanın məhv edilməsi isə həm hava vasitəsi, həm də yeraltı sularla baş verir. Bu günə qədər heç bir yerdə təbiətə kobud müdaxilə zərərsiz ötüşməyib. Yadımdadır ki, hələ Krasnodarda yaşayanda bir vaxtlar partiya-sovet orqanları Krasnodar su anbarının yaradılmasını çox böyük bir uğur kimi qələmə verirdilər. Heç 10 il keçmədi ki, həmin su anbarı bütün Krasnodar diyarının baş bəlasına çevrildi. Uzağa getməyək 1 milyard ABŞ dollarına yaxın vəsait xərclənmiş Oğuz – Bakı su xəttinin ətraf mühitə vurduğu ziyanı az müddət keçsə də artıq çoxları dilə gətirir. Gədəbəy qızıl emalı zavodunun da xeyiri 100 milyon olsa da onun ekoloji ziyanının onlarla dəfə artıq olacağına heç bir şübhəm yoxdur. Bundan başqa bu gün qaz-neft ixracında yüz milyardlar qazanan bir ölkənin yüz milyona görə böyük bir bölgəni məhv etməsi ən azından ağılsızlıqdır və yolverilməzdir.

 

Gununsesi.info