Aprel zəfəri “məğlubedilməz erməni ordusu” mifini dağıtdı - Deputat

“İki ildən artıqdır ki, bütün dünya Azərbaycanın müharibə təcrübəsindən danışır. Dünyaya səs salan, xalqımızın 30 illik torpaq həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz dövlətimizin qətiyyətini, rəşadətli Ordumuzun gücünü, xalqımızın dəmir yumruq kimi birliyini dünyaya nümayiş etdirdi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələr kimi, ordu quruculuğu da dövlət siyasətinin əsası istiqamətlərindən birinə çevrildi”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

HTML tutorial

Malik Həsənov qeyd edib ki, son 20 ilə yaxın dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev ordu quruculuğunun prioritetliyini atdığı davamlı addımları ilə təsdiqləyib: “Bunların uğurlu nəticəsi Azərbaycan Ordusunun hazırda dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşması, bu gününə və sabahına inamın böyük olmasıdır. Rəşadətli Ordumuzun zəfərləri yaradılan möhkəm təməlin təqdimatıdır”.

Millət vəkili vurğulayıb ki, tarixi Zəfərimizə gedən yolun başlanğıcı kimi dəyərləndirilən 2016-ci ilin Aprel döyüşlərindən 7 il keçir.

Deputat bildirib ki, Aprel zəfəri ermənilərin illərdir yaratdıqları “məğlubedilməz erməni ordusu” mifini dağıdıb: “Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü oldu. Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının qətiyyətlə alınması Silahlı Qüvvələrimizin özünə güvənini, inamını artırdı. Aprel döyüşlərinin  ardınca 2018-ci ildə Günnüt əməliyyatı bir daha Ordumuzun nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi. Hər iki zəfər Ordumuzun peşəkarlığını, döyüş ruhunun yüksəkliyini göstərdi. Aprel döyüşlərinin  tarixi əhəmiyyətindən bəhs edərkən  bu zəfərin  sayəsində Böyük Qayıdış prosesinə start verildiyi  xüsusi qeyd edilir. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi Böyük Qayıdışın başlanğıcı kimi tarixə yazıldı”.

 

Gununsesi.info