Aİ Ukraynaya 6 milyardlıq hərbi yardım paketi ayırır

Avropa İttifaqı ölkələri Ukraynaya 6 milyard avroluq hərbi yardım paketi ayırmağı planlaşdırır.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, yardım, Kiyevin strateji mövqelərini gücləndirmək və Rusiya ilə danışıqlara hazırlaşmaq məqsədilə veriləcək.

Paket, artilleriya mərmiləri və hava hücumundan müdafiə sistemləri kimi geniş hərbi dəstəyi əhatə edəcək. Yardım planı 24 fevralda Kiyevə gələcək Avropa rəsmiləri tərəfindən açıqlanacaq.

Diplomatlar bildirib ki, 6 milyard avro başlanğıc məbləği olub, ümumi məbləğ 10 milyard avroya qədər arta bilər. Həmçinin, Aİ ölkələri həm maddi, həm də maliyyə dəstəyi göstərə bilərlər. Yardımın həcmi, ölkələrin iqtisadi vəziyyətinə görə dəyişəcək.

Bu yardım, Aİ-nin Ukraynanı dəstəkləmək əzmini göstərir və müharibə bitdikdən sonra təhlükəsizlik məsələlərində iştirak etmə niyyətini gücləndirir.

Yardım paketi hələ də müzakirə olunur və Macarıstanın müqaviməti səbəbindən yekdil razılıq əldə edilməsi çətin ola bilər.

Qeyd edək ki, 18 fevralda Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında münaqişənin nizamlanması barədə ilk danışıqlar keçirilib.

Şəbnəm

Gununsesi.info