Ağır cinayətdə ittiham olunan jurnalist Baş Prokurorla görüşdü

Haqqında ağır maddələrlə cinayət işi açılmış Qubada yaşayan tanınmış jurnalist Cəmil Məmmədli Baş Prokuror Kamran Əliyevlə görüşüb.

Gununsesi.info xəbər verir ki, görüş avqustun 4-də Baş Prokurorun Quba rayonunda vətəndaş qəbulu zamanı baş tutub.

Jurnalist haqqında qaldırılan cinayət işlərinin qurama olduğunu, hiç bir əsasa söykənmədiyini və sifarişlə həyata keçirdiyini deyib. Baş Prokuror Kamran Əliyev jurnalistin dediklərinin ciddi şəkildə araşdırılması üçün göstəriş verib. Bu göstərişdən sonra – dünən Cəmil Məmmədli Baş Prokurorluğa dəvət olunub.

Qeyd edək ki, Cəmil Məmmədli Ziyəddin Əliyev Quba rayon İcra Hakimiyyətinin keçmiş başçısı olduğu dövrdə onunla bağlı sərt çıxışlar edir, bəzi qanunsuz əməllərlə bağlı faktlar açıqlayırdı. Bundan sonra icra başçısı onu məhkəməyə verərək, həbs etdirmək istəmişdi. Jurnalist iddia edir ki, həmin vaxtdan ona təziyiqlər başlayıb. İndiki cinayət işi də həmin prosesin tərkib hissəsidir.

Jurnalist Cəmil Məmmədlinin cinayət işi üzrə məhkəməsi başlamaq üzrədir. İş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Fəhmin Hümbətovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası avqustun 17-nə təyin edilib.

Cəmil Məmmədli ötən il dekabrın 15-də rayon sakini C.Ağabalayevlə münaqişə zamanı onun ünvanına nalayiq ifadələr işlədərək vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ona əl və ayaqla xəsarətlər yetirib və onun anasının bədən nahiyəsinə zərbələr endirməklə xuliqanlıq əməli törətməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Jurnalist bu ittihamları rədd edir.