
ABŞ Avropa İttifaqı (Aİ) liderləri arasında Ukraynaya 50 milyard avro məbləğində makromaliyyə yardımı ayrılması barədə razılaşmanı alqışlayıb, lakin təhlükəsizlik sektorunda Amerika dəstəyinin vacibliyini qeyd edib.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.
O qeyd edib ki, Aİ-nin Ukraynaya dəstək proqramı təhlükəsizlik yardımı göstərmək məqsədi daşımır.
“Şübhəsiz ki, bu, Ukrayna xalqı tərəfindən alqışlanacaq, çünki bu, onların artıq üzləşdiyi maliyyə çətinliklərinin bir hissəsini yüngülləşdirməyə kömək edəcək. Və beləliklə, yenə də biz bunu alqışlayırıq. Lakin təhlükəsizlik yardımına gəldikdə bu, Amerika rəhbərliyini əvəz edə bilməz”, – Kirbi bildirib.
O əlavə edib ki, ABŞ prezident administrasiyası Konqresi xüsusi olaraq Ukraynaya hərbi yardım üçün 60 milyard avrodan çox vəsait ayıran əlavə milli təhlükəsizlik sorğusunu qəbul etməyə çağırmağa davam edəcək.
“Mən dəfələrlə dediyim kimi, bu məbləğ diqqətlə düşünülmüşdü. Ukraynalıların buna ehtiyacı var. Bizə isə Konqresin bu tələbi təsdiq etməsi lazımdır”, – Kirbi bildirib.
Xatırladaq ki, Aİ liderləri dünən Macarıstanın uzunmüddətli müqavimətini dəf edərək, Ukraynaya 50 milyard avro məbləğində makromaliyyə yardımının ayrılması barədə razılığa gəliblər. Proqram dörd il davam edəcək.
Sammitin yekununda deyilib ki, Ukrayna bir sıra şərtlərə uyğun olaraq vəsait ala biləcək. Həmçinin deyilir ki, Aİ liderləri proqram üzrə illik debatlar keçirəcək və iki ildən sonra onlar Avropa Komissiyasına bütün çoxillik maliyyə çərçivəsinin nəzərdən keçirilməsini təklif edə bilərlər.
Gununsesi.info