ABŞ Senatının üzvlərindən gürcü xalqına dəstək

“Gürcüstan parlamentinin “Xarici agentlər haqqında” qanunu qəbul etməsi gürcü demokratiyası üçün qara günə çevirdi”.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Senatının Demokrat və Respublikaçılar Partiyasından olan  11 üzvü bəyanatında deyib.

“Bu Gürcüstan demokratiyası üçün qara gündür. Gürcüstan parlamentinin xarici agentlər haqqında rus tipli qanun layihəsini qəbul etməsi bizi çox məyus edir. Bu səsvermə təkcə söz azadlığını məhdudlaşdırmaq üçün istifadə edilməyəcək. Eyni zamanda Gürcüstanda demokratiyanın inkişafına mane olacaq qanunlara dinc etirazlarını davam etdirən yüz minlərlə gürcünün iradəsinə zidd olaraq keçirilib”.

Senatorlar hesab edirlər ki, bu qanunun qəbulu Gürcüstanın ABŞ-la münasibətlərini əsaslı şəkildə dəyişəcək və onun Aİ-yə üzvlük istəklərinə xələl gətirəcək:

“Bu qanun layihəsinin qəbulu Konqresdən tələb edəcək ki, Gürcüstandakı yeni siyasi mənzərəni əks etdirmək üçün ABŞ-ın Gürcüstanla bağlı siyasətini dəyişdirsin. Əvvəllər xəbərdar etdiyimiz kimi, bu tədbirlər demokratiyaya zərbə vurmaqda günahkar olanlara qarşı sanksiyalar, viza qadağaları və ABŞ-ın birbaşa yardımına yenidən baxılmasını əhatə edə bilər”.

Məlumatda deyilir ki, onlar gürcü xalqını dəstəkləməyə davam edəcəklər:

“Bu gün qara gün olsa da, biz öz ölkəsinin parlaq gələcəyi üçün mübarizə aparan gürcü xalqına inanmağa davam edirik”.

Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanun layihəsini üçüncü yekun oxunuşda qəbul edib. Artıq bir aydan çoxdur ki, ölkədə etirazlar səngimir.

 

Şəbnəm

Gununsesi.info