
ABŞ İran üçün işləyən maliyyə şəbəkəsinə və İranyönümlü Livan “Hizbullah”ına qarşı sanksiyalar elan edib.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bəyan edib.
“Birləşmiş Ştatlar İran mallarının satışı və Suriya hökumətindən vəsaitlərin alınması yolu ilə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və “Hizbullah”ı maliyyələşdirən şəbəkənin bir hissəsi olaraq üç quruma və bir fiziki şəxsə qarşı sanksiyalar tətbiq edir”, – deyə o bildirib.
Bildirilir ki, SEPAH və onun proxy şəbəkəsi israrla terrorizmi və regionda sabitliyi pozan fəaliyyətləri maliyyələşdirən qeyri-qanuni kommersiya fəaliyyətlərindən gəlir əldə etməyə çalışır.
“Birləşmiş Ştatlar bu təşkilatların mənfəət əldə etmək imkanlarını məhdudlaşdırmağa sadiq qalır”, – deyə Miller bildirib.
Bundan əvvəl Ağ Ev üç əsgərin ölümü ilə nəticələnən İordaniyanın şimal-şərqində Amerika bazasına hücumun arxasında İranın dəstəklədiyi “Kətaib Hizbullah” qruplaşması da daxil olmaqla bir sıra islamçı qrupların dayandığını bildirib.
Qeyd edək ki, Ağ Ev Tehranın dəstəklədiyi deyilən silahlılar tərəfindən həyata keçirilən pilotsuz təyyarə hücumundan sonra İranla müharibə istəmədiyini bildirmişdi.
Respublikaçı konqres nümayəndələri insidentdən sonra İrana zərbə endirməyə çağırmağa başlayıblar.
Pentaqon rəhbəri Lloyd Ostin hücumu şərh edərkən, bunun cavabsız qalmayacağını vurğulayıb.
Gununsesi.info