“Ailə institutu” dedikdə bəzi ultra “müasir” fərdlər ağız büzürlər. Hətta üz turşudurlar.

Amma Ailə institutu hər şeydən öncə insan yetişdirən bir müəssisədir.

Bəzən iddia edirlər ki, bu funksiyanı dövlətlər də yerinə yetirə bilər. Amma ağıllı insanların Epşteyn sənədlərinin ifşasına ehtiyacı yoxdur ki, dövlətlərin və korporasiyaların, maddi gücü əlində tutan nəhənglərin nə qədər şəxsi güc və iqtidar marağı ilə zəhərləndiyini, nə qədər deviant maraq və həvəslərə sahib olduğunu anlasın.

Bunların heç biri, övladın təlim və tərbiyəsini əmanət edəcək qədər saf və məsum deyil.

Heç bir dövlət və ya özəl təhsil müəssisəsi mənim övladımı, övladımın xoşbəxtliyini təmin edəcək şəkildə yetişdirməyəcək. Hər biri öz gündəm və gündəliyini güdəcək.

Övladın xoşbəxtliyi üçün özünü qurban verə biləcək tək institut ailədir.

Heç bir dövlət ailə deyil. Heç bir şirkət ailə deyil.

Bir fəaliyyət ailə institutunu möhkəmləndirməyə xidmət etmirsə, səmimi deyil. Saf və məsum deyil. Niyyəti xoş deyil.

Ən dəqiq işləyən indikatorunuz bu olsun.

Bu indikatorla, bu linzalarla baxın ətrafınıza. Ailəyə xidmət edən hər şey insanlığa xidmət edir. Ailəyə zərbə vuran hər şey insanlığın düşmənidir.