
İraqın şimalında və Suriyada fəaliyyət göstərən terror təşkilatları və onların havadarları Türkiyəni seçdiyi yoldan döndərməyə məcbur edə bilməyəcək.
Gununsesi.info xəbər verir ki, bunu İstanbulun Sabiha Gökçen Beynəlxalq Hava Limanında yeni uçuş-enmə zolağının açılış mərasimində çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz nə Qəndilin (İraqın şimalındakı bölgə – red.) və Suriyadakı terrorçu baronların, nə də bu satqınları idarə edənlərin bizi yolumuzdan dönməyə məcbur etməsinə imkan verməyəcəyik”, – deyə Türkiyə lideri xüsusilə qeyd edib.
Sabiha Gökçen hava limanının işindən danışan Ərdoğan qeyd edib ki, bu, İstanbul və Antalya hava limanlarından sonra Türkiyənin ən çox sərnişin axınına malik üçüncü hava limanıdır.
O xatırladıb ki, 2021-ci ildə Sabiha Gökçen Hava Limanı 181 min daxili və beynəlxalq reysdən 25 milyon sərnişin qəbul edib. Ərdoğan əlavə edib ki, 2022-ci ildə bu rəqəm 31 milyon sərnişinə çatıb.
Türkiyə liderinin sözlərinə görə, yeni uçuş-enmə zolağının istifadəyə verilməsi ilə Sabiha Gökçen Beynəlxalq Hava Limanı ildə 85 milyondan çox sərnişin qəbul edə biləcək.
Gununsesi.info