“YouTuber”lər nə qədər pul qazanırlar?

“YouTuber”lər nə qədər pul qazanırlar?

Son illərdə “YouTube” videolarının yaradılması hobbidən peşəyə çevrilib. İldən-ilə yüzlərlə istifadəçi bu platformanı əlavə, hətta əsas qazanc mənbəyi kimi istifadə edir. Pulu isə blogerlərə milyonlarla baxış və izləyicilər qazandırır.

Gununsesi.org bildirir ki, 24 Media blogerlərin “YouTube” platformasından nə qədər gəlir əldə etdiklərini və burada qazanc əldə etməyin hansı üsullarının olduğunu öyrənməyə çalışıb.

 

Qazancın əsas mənbəyinin videoçarxların əvvəlində və ya sonunda göstərilən reklamların olduğu bildirilir. Buna görə, getdikcə daha çox insan öz bilik və bacarıqlarını xüsusi investisiya qoymadan əlavə və hətta əsas gəlir mənbəyinə çevirmək fürsətindən istifadə edir. Belə ki, indiki dövrdə hər bir insanın video çəkərək “YouTube” platformasına yükləməsini asanlaşdıran cihazlar mövcuddur. Yaşından və peşəsindən asılı olmayaraq tələbələr, iş adamları, təqaüdçülər, bir sözlə, hamı “YouTube”da pul qazana bilər. 
 

Kanala yerləşdirilən videoçarxlara görə ödənilən məbləğ bir çox amillərdən asılıdır – orta hesabla 1000 baxış üçün bir video blogun sahibi 0.7-1.5 dollar qazanır. Statistikaya əsasən, əksər video blogerlər, ayda 500 dollar ətrafında gəlir əldə edir. Gəlirin 1000 dolları keçməsini təmin etmək üçün aylarca sərf edilən zəhmət və müəyyən biliklər tələb olunacaq. Yalnız bundan sonra sizi peşəkar “money maker” adlandırmaq olar. 

 

Kanalına 100 min abunəçi və eyni sayda izlənmə əldə edən platforma istifadəçiləri kifayət qədər ciddi məbləğ qazanma imkanına malikdirlər. Sutka ərzində minimum 100 min baxış üçün kanal gündə 50-150 dollar arasında qazanc əldə edə bilər. Ay ərzində bu qazanc 1500-4150 dollar ətrafında dəyişə bilər
 

Video çəkilişdən (video hostinq) əldə edilən qazanc ilk növbədə bloq üçün seçilmiş mövzuya bağlıdır. Siyasət, biznes, tikinti, tibb və turizmin ən çox gəlir qazandıran sahələr olduğu hesab olunur. Bloqun mövzusu nə qədər uğurlu olarsa, burada yerləşdirilən reklamlar daha baha olmaqla daha çox gəlir qazandıra bilər. Buna görə də cəlbedici mövzularda məzmun yaratmaq daha məqsədəuyğundur.
 

Videonun başlıqları və təsvirləri üçün düzgün seçilmiş açar sözlər də vacibdir. Bununla da istifadəçilərin sizin videolarınızı asanlıqla tapmalarına kömək edəcəksiniz və zaman keçdikcə onları daimi abunəçilərinizə və kanalınızın izləyicilərinə çevirə biləcəksiniz.

 

Kanalın müntəzəm olaraq yenilənməsi də “YouTube”da daha çox pul qazanmağınıza kömək edəcəkdir. 

Dünya statistikasını nəzərə alsaq deyə bilərik ki,  “YouTube” platforması ingilis dilli auditoriya üçün paylaşılan  videolara daha çox pul ödəyir. Belə ki, Amerika Birləşmiş Ştatlarında 1000 izlənməyə ödənilən məbləğ 1.5-2 dollar arasında dəyişirsə, MDB ölkələrində bu rəqəm 0.2- 0.5 dollar ətrafındadır.

“YouTube”un reklam, abunəçi, və izlənmə sayına görə ən çox pul ödədiyi ölkələr bunlardır:

1. ABŞ

2. Böyük Britaniyada

3. Almaniya

4. Kanada

5. Avstraliya

6. Fransa

7. İsveç

8. Hollandiya

9. İtaliya

10. Avstriya

 

Azərbaycana gəlincə isə bu rəqəmlər kəskin azalır. Sosial media mütəxəssisi Türkan Əkbərlinin sözlərinə görə, bir çox ölkələrdə istifadəçilər yerləşdirdiyi kontentdən ciddi məbləğ qazana bilər, lakin Azərbaycan kiçik ölkə olduğundan digər ölkələrə nisbətən platforma tərəfindən daha aşağı “kafisentlə” qiymətləndirilir:
 

“Son dövrlərdə məşhurluq qazanan “Like Nastya” kanalının abunəçilərinin sayı 50 milyonu ötüb və bu kanalın illik gəliri 20 milyon dollar təşkil edir. Bu gəlir sadəcə balaca qızcığazın atası ilə paylaşdığı əyləncə videolarından əldə edilir. Çünki videolarda izlənmə sayı bəzən 500 milyonu ötür. Təbii ki, Azərbaycanda belə izlənmə sayından söhbət belə gedə bilməz. Qonşu ölkə Türkiyədə “youtuber”lər isə dövlətə vergi ödəmədən milyonlarla pul qazanır. Misal üçün Kerimcan Durmaz aya 350 000 TL (təxminən 52 min dollar) pul qazanır. Bizdə isə buna görə xəbərdarlıq belə etmədən bank hesabı avtomatik vergi çıxır. Baxmayaraq ki, yerli blogerlərin gəliri kifayət qədər aşağıdır. 
 

“Youtube”da şəxsi kanalı olan istifadəçilər, platformanın reklamlara icazə verdiyi təqdirdə pul qazanmağa başlayırlar. Həmin reklama kimsə açıb baxanda hər kanal sahibinin hesabına pul köçürülür. Lakin bizim ölkədə bu portaldan pul qazanmaq elə də asan deyil. Platforma əsasən baxış sayı çox olan kanallara reklam verir. Yəni, hər kanalı olan şəxs “Youtube”dan reklam ala bilməz”,– deyə mütəxəssis vurğulayıb.

Türkan Əkbərli bildirib ki, “Youtube”dakı reklamların da bir neçə növü var. Misal üçün buradan əldə edilən gəlir reklamın üzərinə edilən klikə görə də hesablana bilər, videoya sonadək baxılma şərti də qoyula bilər. Bundan əlavə reklam videosunun məcbur sonadək izlənilməsi funksiyası da aktiv edilə bilər.
 

Qeyd edək ki, hazırda Azərbaycanda daha çox gəlir əldə edən kanallar şou biznes əhlinə aid olan xəbərləri paylaşan “Youtube” kanallarıdır.
 

Gununsesi.org

COMMENTS