
İranın ali dini lideri Ayətullah Əli Xamenei “ABŞ ilə danışıqlar heç bir problemi həll etməyəcək. Çünki təcrübə bunu göstərir. Belə bir ABŞ administrasiyası ilə danışıqlar aparılmamalıdır. Danışıqlar nə ağıllı, nə də şərəflidir” deyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, keçmişdə ABŞ-la danışıqlar aparıldığını xatırladan Xamenei, “ABŞ ilə təxminən iki il davam edən danışıqlar nəticəsində bir masa arxasına oturduq və müqavilə imzaladıq. Danışıqlarda ABŞ tək deyildi, bir neçə başqa ölkə iştirak edirdi, amma danışıqların mərkəzi ABŞ idi. O dövrün hökuməti ora-bura getdi, dəfələrlə görüşdü, görüşdü, əl-ələ verdi, razılaşdı” deyib.
Ancaq ABŞ-ın razılaşmaya əməl etmədiyini bildirən Xamenei, “Bu razılaşmada İran kifayət qədər səxavətli davrandı və bir çox güzəştlərə getdi. Razılaşmanın məqsədi ABŞ-ın sanksiyalarını ləğv etmək idi, lakin bu baş vermədi. BMT-yə gəlincə, daimi təhdid kimi istifadə oluna biləcək bir qeyri-müəyyənlik qaldı. Bu razılaşma iki illik danışıqların nəticəsi idi”,- deyə əlavə edib.
Orxan Saffari