“Tərtər işi” niyə siyasiləşir və bunu kim edir?

  • By admin
  • 25 Yanvar 2023 00:18

Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ““Tərtər işi” niyə siyasiləşir və bunu kim edir?” başlıqlı məqalə yazıb.

Gununsesi.info həmin məqalədən bəzi məqamları təqdim edir:

HTML tutorial

 

Bu yazımda məsələnin dərinliyindən başlamalı olacağam və əslində artıq dünənki yazını hazırlayanda bunu düşünmüşdüm. Çünki, Tərtər qətliamını törədənlərlə bağlı istintaqın verdiyi ittihamlar sadəcə sıradan bir istintaq qərarı deyildi. Eynilə Tərtər qətliamının özünün də sıradan bir cinayət olmadığı kimi.

 

Hələ 2018-ci ilin əvvəllərində Tərtərdə törədilmiş ağır cinayətlə bağlı bloqumda paylaşdığım ilk əhatəli yazımda qətliamın Rusiya xüsusi xidmət orqanları tərəfindən bütün incəliklərinədək hazırlandığını və Azərbaycandakı casus şəbəkəsi tərəfindən həyata keçirildiyini göstərmişdim.

 

Ümid edirəm, bu gün həmin iddia o vaxtkı qədər suallar doğurmur. Elə onda cinayətin xüsusi qəddarlıqla və alçaldıcı şəkildə həyata keçirilməsinin səbəblərini də göstərmişdim. Yaddaşımızı təzələmək üçün təkrar xatırladım: Tərtər qətliamı Azərbaycan dövlətinə və xalqına qarşı aparılan hibrid müharibənin tərkib hissəsidir.

 

Sonrakı hadisələr ardıcıllığını izləyənlər bilirlər. Odur ki, qayıdaq verilmiş, daha doğrusu veriləcəyi gözlənilən ittihamlara.

Mövzuya geniş bucaqdan baxdıqda (başqa cür isə mümkün deyil) həmin ittihamlar həm də Azərbaycan-Rusiya münasibətlərinin indikatoru rolunu oynayır. Daha doğrusu, rəsmi Bakının Rusiyadan asılılığının.

 

3 gün əvvəl Xural TV-yə müsahibəmdə Azərbaycan hakimiyyətinin Türkiyə ilə “qardaş”, Qərblə “tərəfdaş” oyunlarının arxasında Rusiya ilə razılaşdırılmış siyasət yürütdüyünü demişdim.

Bir qədər də dəqiqləşdirək: Azərbaycanın istər Qərblə, istərsə də Türkiyə ilə münasibətləri Rusiyanın maraqlarına xələl gətirməyəcək qədərdir.

 

Bunu da qeyd etmişdim ki, belə siyasət dünyanın indiki dönüş nöqtəsində olduğu bir vaxtda çox davam edə bilməz. Dünən biz artıq bunun hələlik ilk əlamətlərini gördük.

Hərçənd ki, onun ilk əlamətləri artıq coxdan görünürdü, dünən baş verənlər isə artıq rəsmi səviyyədə münasibətlərin ifadəsi idi.

 

Baş verənlər isə bunlardır: Avropa Birliyi Azərbaycanla Ermənistan arasında sülh prosesini yalnız Ermənistanın xarici naziri ilə müzakirə edir və İrəvanın tələbinə uyğun olaraq iki ölkə arasındakı sərhəddə münaqişələrinin qarşısını almaq məqsədilə Ermənistana 200-dək müşahidəçi göndərməyə hazırlaşır.

 

Söhbət mülki müşahidəçilərdən gedir, amma onların yalnız Ermənistan tərəfdə yerləşdirilməsi təhlükənin Azərbaycandan qaynaqlandığına işarə edən addımdır. Son günlər israrla “müharibə anonsu vermək lazım deyil” dedikdə bunu nəzərdə tuturdum. Maraqlıdır, indi sadəlövh soydaşımıza nə deyəcəklər?

Bu haqda bir qədər sonra. Hələlik isə davam edək.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan NATO-nun Baş Karibi Yens Stoltenberqlə görüşür və Ermənistan-NATO münasibətlərinin perspektivləri müzakirə olunur. Bəs bunu “Fransa qələt edir!”, “İranı dağıdarıq!” iddiasında olan psevdopatriotlara necə izah edəcəklər?

 

Bu haqda da sonra, hərçənd burda resept bəllidir: NATO da, Avropa da hamısı ermənipərəstdir və s. və i.a. Amma məsələ heç bununla da bitmir. İlham Əliyevə zəng edən ABŞ dövlət katibi Entoni Blinken təcili Laçın dəhlizini açmaq çağırışı edir və Azərbaycanda insan haqlarının durumu ilə bağlı narahatlığını ifadə edir.

 

ABŞ dövlət katibi bildirir ki, Laçın dəhlizi ətrafında yaranmış humanitar böhranın davamı Azərbaycanla Ermənistan arasında sülh prosesinin əsaslarını laxladır. Burdan da belə nəticə çıxır ki, bölgədə baş verəcək hərbi qarşıdurmaya görə məsuliyyət Azərbaycanın üzərinə düşəcək. Blinken bunu deyir…

 

Həmin telefon danışığı haqda Dövlət Departamentinin saytında və İlham Əliyevin president.az rəsmi səhifəsində məlumatlar fərqli təqdim olunur. Hər ikisinin linkini şərh bölümündə paylaşıram. Eynilə həmin qaydada da dünya mediasının yuxarıdakı iki görüş (NATO və Avropa Birliyi) haqda yaydığı xəbərlər…

 

…Azərbaycan oxucusuna fərqli şəkildə təqdim olunur. Gördüyünüz kimi, hansı tərəfin təhrifə yol verdiyini iddia etmək fikrim yoxdur və heç məqsəd də bu, deyil. Məqsəd Azərbaycana qarşı 1 gün ərzində baş verən bütün bu demarşların baş vermə səbəblərini axtarmaqdır. Axı cəmi 3-4 ay əvvəl münasibətlər başqa səviyyədə idi.

 

Sadəlövh həmvətənimin beyninə yeritməyə çalışacaqlar ki, deməzsənmi, eyni gündə həm avropalıların, həm də amerikalıların “ermənipərəst damarı” tutub. Buna da xeyli inananlar və inandığını göstərməyə çalışanlar olacaq. Niyə də yox? Çıx kanallara, pafosla danış, hamısını qamçıla və qəhrəman ol.

 

Bəs həqiqətdə nə baş verdi ki, dünənə qədər Azərbaycana tərəfdaş kimi baxan Avropa Birliyi, NATO və ABŞ mövqelərində eyni gündə belə bir dönüş etdilər?

Bunu isə azərbaycanlılara izah etməyə çalışanlar marginal qaraguruh tərəfindən hədəfə alınacaqlar, satqınlıqda ittiham ediləcəklər, xain kimi damğalanacaqlar.

 

Çünki baş verənlərin əsl səbəblərini izah etmək indi ən təhlükəli işdir. Səbəblər isə olduqca sadədir: İlham Əliyev Rusiya ilə tam olaraq razılaşdırılmış xarici siyasət yürüdür, əks tərəfə verdiyi vədlərə rəğmən bu mövqedən çəkilmək istəmir və çəkilə də bilməz. Burdan çıxan nəticə isə belədir: Azərbaycan Rusiyanın tərəfdaşıdır.

 

Deməli, ona da münasibət bu kontekstdə olmalıdır. Məsələn, Belarusa olduğu kimi. Bunun da düz ya yanlış olduğunu iddia etmək fikrim yoxdur, amma hər bir halda Ukraynada vəhşilik törədənin yanında olmaqdansa hər şey bir yana, əsas ixrac məhsulumuz olan neft və qazımızı alanla normal münasibətlərdə olmaq daha vacibdir.

 

Bu yerdə kimlərsə iddia edə bilər ki, onsuz da alacaqlar, başqa yolları yoxdur. Xatırladım ki, Putin də Ukraynaya qarşı təcavüzkar müharibəyə start verəndə belə düşünürdü, amma belə olmadı. Bütün bunlar başqa bir mövzunun predmetidir və “bunun Tərtər qətliamı ilə nə əlaqəsi var?” deyənlər əlbəttə haqlı olacaqlar.

 

Azərbaycan xalqına açıq-aşkar sayğısızlıq göstərərək Tərtər qətliamının əsl təşkilatçı və iştirakçılarını cəzalandırmaqdan imtina edən hakimiyyət bütün bunları Rusiyaya görə edir. Bizi də narahat edən əsas məqam elə bu olmalıdır. Çünki cinayəti sifariş edən indi də cinayətkarları qoruyur. Bu da bizim haqlı cavabımızdır.

 

Nəticə isə düşündüyümüzdən daha acınaqcaqlı ola bilər, çünki insan təxəyyülünə sığmayan qəddar və vəhşi bir cinayəti törədən azğın cinayətkarların azadlıqda və yüksək vəzifələrdə qalması, dövlət səviyyəsində himayə olunması gələcəkdə azərbaycanlılara qarşı daha ağır cinayətlərin törədilməsinə aparan yoldur.

 

Ümid edirəm, bundan sonra Tərtər qətliamının sıradan bir cinayət olmadığına və hansı dövlət rətəfindən törədilmiş olduğuna şübhə edənlər də ən azı bir daha düşünərlər. Qaldı Azərbaycanın Rusiyaya bağlılığına, bunun səhv və ya düz siyasət olmasına, bu haqda yaxın gələcəkdə müzakirə apararıq. Onun nəticələri ortada olanda.

Hələlik bu haqda danışmaq və xüsusilə də “danışdırmaq” tezdir. Necə ki, 2020-ci ilin noyabrında şəhidlərimizin canı-qanı bahasına qazanılmış qələbənin Rusiyaya peşkəş edilməsinə etiraz edəndə olduğu kimi. Necə ki, o zaman saçını yolub, üzünü cırıb, tumanını başına çəkənlərin bu gün lal olub susması kimi.

Gözləyək, birdəfəlik sussunlar ki, nəticə üzə çıxanadək ürəkləri bulandırmasınlar. Tərtər qətliamına hüquqi-siyasi qiymət isə mütləq veriləcək. Çünki o, Azərbaycan xalqına, onun mövcudluğuna qarşı törədilmiş mənəvi və fiziki soyqırım aktıdır.

Ərəstun Oruclu

Gununsesi.info