Naqif Həmzəyev: “Vətəndaşlar sosial məsuliyyət hissini artırmalı, özlərini qorumaqla yanaşı, ətrafdakıların da qayğısına qalmalıdırlar“
“Koronavirus pandemiyasının sərhədləri aşıb keçdiyi ilk gündən Azərbaycan özünün gücü hesabına gözəgörünməz “düşmən”in öhdəsindən gəlməyə qadir olduğunu nümayiş etdirdi. Ölkə Prezidenti İlham Əliyevinn uzaqgörənliyi və vaxtında verilmiş qərarları nəticəsində Respublikada pandemiya ilə mübarizə tədbirləri tam nəzarətə götürüldü. İlk gündən atılan addımlar davamlılığı ilə diqqət çəkdi. Ardınca da karantin rejimində müəyyən yumşaldılmalar həyata keçirildi. Lakin bu, heç bir halda rahatlıq və virusdan tam azad olmaq kimi qəbul edilməməlidir”.
Bu barədə Milli Məclisin deputatı Naqif Həmzəyev “Kaspi” qəzetinə açıqlamasında bildirib.
O, dünya təcrübəsinə istinad edərək, koronavirusun yenidən özünü büruzə verən pandemiya olduğunu xatırladıb. Deputat deyib ki, əgər mövcud qaydalara riayət olunmazsa prosesin ikinci dalğası başlaya bilər: “Karantin rejimindəki məhdudiyyətlərin bəzisinin aradan qaldırılması, yumşaldıcı tədbirlər o demək deyil ki, vətəndaşlar əvvəlki həyat tərzlərinə geri dönməlidirlər. Koronavirus pandemiyasına qarşı mübarizədə gigiyena qaydalarına düzgün əməl olunması ən vacib tələblərdəndir. Bir sözlə, vətəndaşlar sosial məsuliyyət hissini artırmalı, özlərini qorumaqla yanaşı, ətrafdakıların da qayğısına qalmalıdırlar. Təbii ki, qaydalara riayət edilməsə, karantin rejimi yenidən sərtləşdirilə, müvafiq məhdudiyyətlər yenidən tətbiq oluna bilər”.
Millət vəkili bildirib ki, COVID-19-un necə təhlükəli olduğunu unutmadan, bu infeksiyaya qarşı hamı birlikdə sona qədər mübarizə aparmağı özünə borc bilməlidir: “Prezidenti İlham Əliyev bütün çıxışlarında COVID-19 pandemiyasının uzun müddətli proses olduğunu, mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsinin vacibliyini dəfələrlə diqqətə çatdırıb: “Hər kəs başa düşməlidir ki, dünya yeni dövrə qədəm qoyub. Bu, nə qədər davam edəcək heç kim bilmir. Xəstəlik nə qədər davam edəcək heç kim bilmir. Hesab edirəm ki, bütün proqnozlar şərti xarakter daşıyır. Bu xəstəliyin fəsadları özünü hansı formada büruzə verəcək? Bunu da biz bilmirik. Çünki biz hələ ki, bu xəstəliyin ibtidai mərhələsindəyik və özümüzü maksimum qorumalıyıq.” Koronavirus təhlükəli bir infeksiyadır və ona dırnaqarası münasibət göstərmək olmaz. Karantin rejiminin tələblərinin bir qisminin yumşaldılmasına baxmayaraq, ciddi şəkildə sosial izolyasiya tədbirlərinə riayət etmək hər birimizin borcudur. Prezident İlham Əliyevin “Məsuliyyət hissi də bu gün sərgilədiyimiz həmrəylik və birlik hisslərinin səviyyəsinə qalxmalıdır” çağırışına cavab olaraq, sağlam gələcəyimiz naminə, ətrafımızdakı insanların ümumbəşəri bəlaya yoluxmamaları üçün sosial izolyasiya qaydalarına əməl etməliyik”.
Gununsesi.org
COMMENTS