20 il ölkənin baş prokuroru vəzifəsini tutan Zakir Qaralovun yola salınması bu qurumla bağlı müzakirələrə səbəb olub. Ölkənin tanınmış hüquqşünasları Zakir Qaralovun rəhbərliyi dövründə prokurorluq sisteminin korrupsiyaya uğraması və bir sıra neqativ fəaliyyətini xüsusi vurğulayır. Öıkənin yeni baş prokuroru Kamran Əliyevlə söhbətində dövlət başçısı prokurorluqda da islahatların vacibliyinə toxunub.
Tanınmış hüquqşünas Hafiz Həsənov Gununsesi.org-a açıqlamasında prokurorluqda mümkün islahatlara dair fikirlərini bölüşüb.
Konstitusiyada prokurorluqla bağlı müddəalar “Məhkəmə hakimiyyəti” fəslində verildiyini vurğulayan hüquqşünasın sözlərinə görə, bu o deməkdir ki, prokurorluq dövlət hakimiyyəti orqanları sistemində məhkəmə hakimiyyəti sisteminə aid edilib. Hesab edirəm ki, hakimiyyətlərin bölgüsü prinsipi baxımından bu düzgün yanaşmadır. Çünki, dövlət hakimiyyətinin hakimiyyətlərin bölgüsü prinsi ilə təşkil olunduğu dövlətlərdə prokurorluğun əsas funskiyası məhkəmədə dövlət ittihamının müdafiəsidir.
Hazırda Prokurorluğun funksiyalarına qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icrası və tətbiqinə nəzarət, qanunla nəzərdə tutulmuş hallarda cinayət işinin başlanması və istintaqın aparılması, məhkəmədə dövlət ittihamınım müdafiəsi, habelə, məhkəmədə iddia qaldırılması və məhkəmə qərarlarından protestin verilməsi funksiyaları daxildir.
Hesab edirəm ki, bu funksiyalar sırasından cinayət işinin başlanması və istintaqın aparılması funksiyası tam olaraq, qanunların icrası və tətbiqinə nəzarət funksiyası isə, müəyyən istsinalarla prokurorluğun funksiyaları sırasından çıxarılmalıdır.
Həmçinin, prokurorluğun cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik, təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət funksiyaları da götürülməlidir. Ümumilikdə isə, bütün hüquq-mühafizə orqanlarında təhqiqat və istintaq fəaliyyətləri ayrıca müstəqil qurumda birləşdirilməlidir.
Bütün bunlarla yanaşı, hesab edirəm ki, prokurorluğun ali icra hakimiyyəti orqanından aslılığı da əhəmiyyətli dərəcədə azaldılmalıdır.
Məncə, prokurorluq sistemində aparılmalı istilahatlar məhz bu istiqamətlər üzrə qeyd edilən məsələləri ehtiva etməlidir.
Eyni zamanda prokuroluq sisteminin özündə də prokurorluğun çevik fəaliyyətinə yönəlik və bürokratiyanı aradan qaldıracaq struktur islahatları aparılmalı və bəzi ixtisaslaşmış prokurorluq orqanları ləğv edilməlidir”.
COMMENTS