Siyəzəndə yaşayış binasında partlayış: Xəsarət alanlar var - FOTOLAR /YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyi Siyəzəndəki partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, “112” qaynar telefon xəttinə Siyəzən şəhəri, T.İsmayılov küçəsində yerləşən çoxmərtəbəli binada partlayış baş verməsi barədə məlumat daxil olub.

HTML tutorial

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 42 kvadratmetr olan birotaqlı mənzildə, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının zərbəsindən mənzilin pəncərə çərçivələri yerindən çıxıb, divarlarda çatlar əmələ gəlib, mənzilə ciddi ziyan dəyib. Hadisə nəticəsində ikisi azyaşlı olmaqla üç nəfər vətəndaş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

21:16

Siyəzəndə yaşayış binasında partlayış olub.

Gununsesi.info xəbər verir ki, beşmərtəbəli binanın birinci mərtəbəsindəki mənizlərin birində baş verən partlayış zamanı 3 nəfər xəsarət alıb.

Xəsarət alanlardan biri ağır vəziyyətdə Bakıya göndərilib. İki nəfərin isə vəziyyəti yaxşıdır.  Məlumata görə, hadisə zamanı xəsarət alanlardan iki nəfər yoldan keçənlər olub.

Əraziyə təcili yardım, fövqəladə, və polis əməkdaşları cəlb olunub.

İlkin məlumata görə partlayışa səbəb qaz sızmasıdır.

Gununsesi.info