
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Rusiyanın “NTV” kanalına Rusiya-Türkiyə sülhməramlıları ilə bağlı müsahibə verib.
Gununsesi.org “MediaPost”a istinadla xəbər verir ki, Rasim Musabəyovun müsahibəsi sosial şəbəkələrdə söz-söhbətə səbəb olub. O, müsahibəsində Türkiyə Ordusunun Dağlıq Qarabağa gəlməməli olduğunu və əks təqdirdə bunun regiondakı təhlükəsizliyə xələl gətirə biləcəyini qeyd edib.
Rasim Musabəyovun “MediaPost”a açıqlamasına görə, deyilən tənqidlərə belə münasibət bildirib:
“Məndən əl çəkin. Heç özüm o müsahibəni görməmişəm, oxumamışam. Belə boş-boş məsələlərə görə məni narahat etməyin”.
Məsələ ilə bağlı haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev facebook səhifəsində bu sözləri yazıb:
“Deputat Rasim Musabəyov Türk qoşunlarının Azərbaycanda sülhməramlı əməliyyatlarda iştirakının əleyhinə çıxdı. Çox yaramaz adamdır, həmişə yazıb demişəm”.
Xatırladaq ki, o, rus telekanalına verdiyi açıqlamasında “Əgər türk ordusu Qarabağa gələrsə, bu, ermənilərin özünü təhlükəsiz hiss etməsində neqativ təsir göstərəcək”, – deyə ermənilərin qayğısına qalacaq açıqlama səsləndirmişdi.
Qeyd edək ki, Rasim Musabəyov Azərbaycan – Cənubi Afrika Respublikası parlamentlərarası işçi qrupunun rəhbəridir.