Səməd Seyidov: “Bizə qarşı çıxarılacaq qərar Avropa Şurasının nüfuzuna zərbə olacaq”

  • By admin
  • 24 Yanvar 2024 14:54

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsini təklif edib.

Gununsesi.info-nun xəbərinə görə, Monitorinq Komitəsi 20 ildən artıq Avropa Şurasına üzv olan Azərbaycanın təşkilat qarşısında götürdüyü mühüm öhdəlikləri yerinə yetirməməsini əsas götürüb.

Sənəddə Azərbaycanda son dönəmlərdə artan jurnalist həbsləri, media və ifadə, habelə toplaşma azadlığının məhdudlaşdırılması, vətəndaş cəmiyyətinə qarşı təzyiqlər, işgəncə və pis rəftar halları, Avropa Məhkəməsinin qərarlarının icra edilməməsi və digər bir sıra məsələlər vurğulanır.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə etimadnamənin qəbul edilməməsi üçün göstərilən səbəblərin əsassız olduğunu, Azərbaycana qarşı köklü və qərəzin bariz təzahürü olduğunu deyib.

“Nümayəndə heyətimizin etimadnaməsini ratifikasiya etməkdən imtinası AŞPA-nın və ümumilikdə Avropa Şurasının nüfuzuna ciddi zərbə olacaq və onun ağır nəticələrinə görə məsuliyyət bu addımın təşəbbüskarlarının üzərinə düşür”.

 

 

Elmar

Gununsesi.info