
Çexiyada bu gün səhər dəmir yolu keçidində sərnişin qatarı ilə yük maşını toqquşub. Hadisə nəticəsində maşinist ölüb.
Gununsesi.info xəbər verir ki, bu barədə IDNES məlumat yayıb.
Qəza əslində Polşa-Çexiya sərhəddində olan Karvina şəhəri yaxınlığında baş verib. Səhər saat 05:40 radələrində içərisində 70 nəfərin olduğu sərnişin qatarı dəmir yolu keçidində dayanmış yük maşınına çırpılıb.
Hadisə nəticəsində 31 yaşlı qatar maşinisti həlak olub, daha 20 nəfər yaralanıb.
Yük maşınının sürücüsü toqquşmadan əvvəl maşından çıxa bildiyi üçün sağ qalıb. Onun sözlərinə görə, o, qatarın yaxınlaşması barədə xəbərdarlıq siqnalı işə düşməmişdən əvvəl keçidə gedib, lakin relsdə ilişib qalıb.
Hadisə yerinə bir helikopter də daxil olmaqla 6 təcili yardım briqadası gəlib. Müayinədən və ilkin tibbi yardımdan sonra 18 nəfər xəstəxanaya yerləşdirilib, daha ağır xəsarət alan bir qadın helikopterlə Ostrava xəstəxanasına aparılıb.
Xəsarət almayan sərnişinlər avtobusla hadisə yerindən çıxarılıb.
Qəza yerində olan dəmir yolu xəttində nəqliyyatın hərəkətinin günün qalan hissəsi üçün dayandırılacağı ehtimal edilir.
Gununsesi.info