
Birləşmiş Millətlər Təşkilatına üzv olan ABŞ, İngiltərə, Fransa, Yaponiya, Malta, Cənubi Koreya, Sloveniya və Ukrayna birgə bəyanatla çıxış edərək Rusiyanı dünyanı daha da təhlükəli etməkdə ittiham ediblər.
Gununsesi.info xəbər verir ki, 8 ölkədən edilən yazılı bəyanatda Rusiyanın Şimali Koreyadan silah tədarükü tənqid edilib.
Bəyanatda yanvarın 6-da Ukraynaya qarşı təşkil etdiyi hücumlarda Rusiyanın Şimali Koreyadan ballistik raketlərə sahib olduğu vurğulanıb. “Rusiya tərəfindən Şimali Koreyadan bu silahların tədarükü BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur”, – deyə bildirilib.
Bəyanatda bu pozuntuların Ukrayna xalqının daha çox ağrı-acı ilə nəticələndiyi vurğulanıb: “Eyni zamanda, hər bir pozuntu dünyanı daha da təhlükəli edir. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən birinin bu pozuntulara yol verməsi Şuradakı vəzifəsindən sui-istifadə etdiyini göstərir”.
Bəyanatda BMT-nin bütün üzvlərinin BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməli olduqları vurğulanır və qeyd edilir ki, “Fransa, Yaponiya, Malta, Cənubi Koreya, Sloveniya, Ukrayna, Böyük Britaniya və ABŞ BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Şimali Koreya və Rusiya tərəfindən pozulmasını qətiyyətlə pisləyir”.
Gununsesi.info