Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Rusiya Xarici İşlər naziri Sergey Lavrovun bu ilin 21 aprel tarixində keçirdiyi video-konfrans zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara dair səsləndirdiyi bəyanatına Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyanın münasibətini şərh edib.
Gununsesi.org-un məlumatına görə, XİN rəsmisi qeyd edib ki, müasir dünya düzümü II Dünya Müharibəsindən sonra formalaşıb və onun əsasları 1945-ci il BMT Nizamnaməsi, 1975-ci il ATƏT-in Helsinki Yekun Aktı və 1990-cı il Paris Xartiyası sənədlərində öz əksini tapıb:
“Bütün bu fundamental sənədlərdə beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü, eləcə də xalqların öz müqəddəratı prinsiplərinə aydınlıq gətirilir. Azərbaycan kimi Ermənistan da bu sənədlərin tamhüquqlu iştirakçısıdır və onlara birmənalı şəkildə riayət edilmək öhdəliyini öz üzərinə götürüb. Bir daha xatırladırıq ki, iştirakçı ölkələr digər ölkələrin ərazilərinin toxunulmazlığına və ya siyasi müstəqilliyinə qarşı güc istifadə etməkdən çəkinməlidirlər. Həmçinin növbəti dəfə vurğulayırıq ki, yuxarıda qeyd etdiyimiz Helsinki Yekun Aktında qeyd olduğu, daha sonradan isə Paris Xartiyasında bir daha təsdiq olunduğu kimi, öz müqəddəratını müəyyən etmə prinsipinə gəldikdə, iştirakçı ölkələr BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də dövlətlərin ərazi bütövlüyü də daxil olmaqla, beynəlxalq hüququn müvafiq normalarına uyğun olaraq hərəkət etməlidirlər.
Bu ilin 21 aprel tarixində Rusiya Federasyasının Xarici İşlər naziri Serqey Lavrovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə mərhələli yanaşma ilə bağlı səsləndirdiyi məlum şərhinə gəldikdə isə, bu yanaşmanın ATƏT-in Minsk Qrupunun bütün həmsədrləri tərəfindən nümayiş etdirildiyini təsdiq edə bilərəm və bu mövqe onların özləri tərəfindən münaqişənin tənzimlənməsi prosesinin bütün mərhələlərində və bütün səviyyələrində dəfələrlə və ardıcıl olaraq səsləndirilib.
Yadda saxlamaq lazımdır ki, işğal müvəqqətidir. Nə qədər tez Ermənistan bunu dərk edərsə və öz-özünü, xalqını aldatmağa, həmçinin beynəlxalq ictimaiyyəti yanıltmaq səylərinə son verərsə, qan tökülməsinin və onsuz da heç də yaxşı olmayan vəziyyətinin daha da pisləşməsinin qarşısının alınması üçün bir o qədər çox şansı olar”.
COMMENTS