Qərib Məzarlar -PƏRVİZ YƏHYALI YAZIR

  • By admin
  • 27 Oktyabr 2025 12:59

 

(Məhəmməd Səmədov səhifəsi)

 

Məhəmməd Yəhya oğlu Səmədov (Yəhyazadə)

Doğum tarixi 21.03.1902.

Doğulduğu yer. Göyçay. Azərbaycan SSR.

Vəfat tarixi . 2.01.1944.

Vəfat yeri. Ukrayna SSR. Zaporojie vilayəti.

Vəfat etmə səbəbi: Alman faşizminə qarşı döyüş əməliyyatı

Mənbə: Ukrayna Zaporojie vilayəti. Vilayət Mərkəzi Arxiv İdarəsi. Fond 58.

Rusiya Federasiyası. Mərkəzi Hərbi Arxivi. Moskva (Podolski) Fond 18002. İş 41.

İlk baxışdan rəsmi sənəd ömür yolunun qısa olmasından başqa heç nə demir. Sənədlərin izi ilə qəbrinin yerinin müəyyənləşdirilməsi cəhdi uğurlu alınır. Alman faşizminə qarşı 416-cı Taqanroq diviziyasının tərkibində Şərqi Ukrayna cəbhəsinin Zaporojiya vilayəti ərazisində həlak olanların bir qisminin qardaşlıq məzarı. Yeddinci sıra.

Bir az geriyə qayıdıb, Məhəmməd Səmədovun mülki həyatdakı ömür yoluna nəzər salaq.

O, 1902-ci ilin yazında Göyçay qəzasının Qaraxıdır kəndində Yəhya kişini ailəsində dünyaya göz açıb. Ailədə bir bacı iki qardaş olublar. İlk təhsilini Göyçayda alıb. 1920-ci ildə iki illik Şəki seminariyasını bitirib. Daha sonra 1924-cü ildə Azərbaycan Dövlət Pedaqoji institutunun riyaziyyat fakultəsinin məzunu olub. Elə həmin ildən də müəllimlik fəaliyyəti ilə məşğul olmağa başlayıb. 1925- ci ildə sevib, seçdiyi Xeyri xanımla ailə həyatı qurub. Bu izdivacdan Zəminə, Əminə, Müşfiq və Nəsibə adlı dörd övladı olub. Ailədə üçüncü uşaq 10 fevral 1937-ci ildə dünyaya gələndə onun adını yaxın dostu Mikayıl Müşfiqin şərəfinə qoyub. Sonuncu dəfə dostu Müşfiq 17 may 1937- ci ildə Məhəmməd Səmədovun qonağı olanda kiçik Müşfiqi, adaşını qucağına alaraq “o, bizdən yaxşı yaşamağa haqq edir, gələcək günlərimiz daha xoşbəxt olacaq” -deyir.

Bu iki dostun, Məhəmməd Səmədovla Müşfiq İsmayılzadənin son görüşü idi. Böyük Müşfiqin adaşına, kiçik Müşfiqə arzuladığı xoşbəxt gələcək isə çox acınacaqlı olur. Onların bir daha həyatda görüşməsi də əbədi müşkülə çevrilir. Müşfüqin sağ olduğunu zənn edərək hətta 1943-cü ilin payızında Məhəmməd Səmədov bacısı Nisə xanıma yazdığı məktubda onu soruşur. O, Müşfiqin haqsız olaraq tutulduğuna, günahsız olduğuna əmin idi.

Mikayıl Müşfiq 1937-ci ilin 5 iyun tarixdə həbs edilmiş, 5 yanvar 1938-ci ildə güllələnmişdir. Həmin illərdə Məhəmməd Səmədovun Müşfiqlə dostluğuna görə başının üstün qara buludlar almış, “xalq düşməni” ni ilə yaxın əlaqələrinə görə sorğu-suala çəkilmiş, hətta oğlunun adına görə basqılarla üzləşmişdir.

1942-ci ilin 18 mart tarixində Məhəmməd Səmədov məktəb direktoru kimi maarif şöbəsinin növbəti iclasların birində elə iclas zalında yeni Azərbaycan diviziyasının yaranması elanı ilə səfərbərliyə alınır. Göyçayda 416-cı diviziyanın ilkin özəyi formalaşandan dörd ay sonra 0, artıq Tiflisdə hərbi təlimləri başa vuraraq Cəbhəyə, Şimali Qafqaza göndərilir.

Məhəmməd Səmədov həmin 18 mart tarixində ailəsi ilə görüşmək üçün iki saatlıq icazə ilə evinə gəlir. Doğmalarına cəbhəyə gedirəm deyəndə anası Kiçikxanım novruz bayramını keçirək sonra deyir. O, gülə-gülə “mən novruzun gəlişini gözləyərəm ee, Hitler gözləmir” -deyib. Oğlunun mütləq getməli olduğu gerçəkliyi ilə barışmaq məcburiyyətində qalan ana əlacı kəsildikdə ounun bir az ləngiməsinə çalışır. Tez-tələsik aş bişirmək tədarükünə qatılır. Cəmi səkkiz aylıq sonbeşiyi Nəsibəni qucağına alıb qoxlayan, Səmədov bütün əzizləri ilə xüdafizləşir. Anasını ovundurmaq üçün axaşama, mümkün olmasa sabaha qaydacam deyir.

Kiçikxanım xanım bişirdiyi son novruz aşından sərpuşda oğlunun payını saxlayır. Amma nə axşam, nə səhəri gün gəlib çıxmayan oğul, anasını son nəfəsinəcən gözü yolda qoyur.

Kiçikxanım xanım 1948- ci ildə dünyasın dəyişir. Məhəmməd Səmədovun xanımı Xeyri xanımsa 32 yaşında dul qalaraq çətinliklər bahasına dörd uşağı böyüdür.

Məhəmməd Səmədovun həyat yoldaşı Xeyri xanım 1 aprel 1980-ci ildə dünyasını dəyişir. Nə o, nə də qayınanası heç vaxt, həyatlarının sonuna kimi dillərinə aş vurmurlar.

Məhəmməd Səmədovun qərib qəbri Ukraynada onlarla digər azərbaycanlı ilə qardaşlıq məzarlığında əbədiyyətini yaşayır. Onun doğma ocağında 1942-ci ilin 18 mart tarixidə anasının bişirdiyi aş isə nəvə-nəticələrinin göz bəbəyi kimi qoruduğu sərpuşda indi də qalır.

Sərpuş XX əsrin əllinci illərinə qədər məişətdə bişmiş xörəyi müəyyən müddət isti saxlamaq üçün istifadə olunub. İçində daşlaşmış düyü hifz olunan bu sərpuşsa özündə bir dünya kədəri əbədi “isti” saxlayır.

Pərviz Yəhyalı 

Gununsesi.info