“Ermənistan və Azərbaycan arasında sülh gündəmində müsbət atmosfer getdikcə güclənir. İkili təmasların və üçüncü tərəflərin iştirakı olmadan keçirilən görüşlərin sayı artdıqca, bu prosesin intensivləşdiyini görürük. Məsələn, Azərbaycan QHT nümayəndələrinin İrəvana ilk səfəri, ölkəmizin tanınmış beyin mərkəzinin rəhbərinin İstanbulda erməni həmkarları ilə görüşü, eləcə də Ermənistan və Azərbaycan arasında yüklərin tranziti ilə bağlı məhdudiyyətlərin ilk olaraq Azərbaycan tərəfindən aradan qaldırılması — bütün bunlar sülhə və konstruktiv əməkdaşlığa sadiqliyimizin göstəricisidir”.
Bu sözləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
Deputat hesab edir ki, bu kontekstdə Avropa İttifaqı missiyasının fəaliyyətinə artıq ehtiyac qalmayıb.
“Missiya fəaliyyətə başladığı zaman Azərbaycanın razılığı və maraqları nəzərə alınmadan regiona gəlmiş, Ermənistan sərhədində dislokasiya edilmişdi.
Bütün bu proseslərin fonunda böyük ehtimalla Avropa İttifaqı missiyasının fəaliyyətinin sonlandırılmasının şahidi ola bilərik. Əgər Avropa İttifaqı Azərbaycanla, Ermənistanla və ümumilikdə regionla bağlı konstruktiv şəkildə iştirak etmək istəyirsə, ilk növbədə bunu region ölkələri, xüsusilə də regionun lideri Azərbaycanla müzakirə etməlidir. Biz Avropalı tərəfdaşlarla Cənubi Qafqazda onların hansı formada, hansı miqyasda və hansı konfiqurasiyada iştirak edə biləcəklərini müzakirə edə bilərik və bu, yalnız Azərbaycanın razılığı əsasında baş tuta bilər.
Digər vacib məqam isə Vaşinqtonda keçirilən üçtərəfli görüşdə “Trip marşrutu” və Zəngəzur Dəhlizinin açılması ilə bağlı əldə olunan razılıqdır. Artıq bu marşrutun reallaşması çox yaxındır və Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Zəngəzur Dəhlizinin 2028-ci ilə qədər açılması gözlənilir.
Bizimlə əməkdaşlıq etmək istəyən tərəflər anlamalıdırlar ki, artıq Ermənistan–Azərbaycan münaqişəsi yoxdur. Deməli, bu mövzudan manipulyasiya etmək imkanları da aradan qalxıb. Hazırda Ermənistan və Azərbaycan bütün məsələləri ikitərəfli formatda müzakirə edir və bu proses gələcəkdə də bu formada davam edəcək.
Üçüncü tərəflərin vasitəçiliyinə ehtiyac yoxdur. Əgər hansısa beynəlxalq tərəf bu prosesdə iştirak etmək istəyirsə, bu, yalnız fərqli formatlarda və beynəlxalq təşkilatlar çərçivəsində mümkündür. Cənubi Qafqazla bağlı məsələləri isə biz özümüz həll edirik.
Beləliklə, Azərbaycanın bu prosesdə rolu əsasdır və mütləq nəzərə alınmalıdır” – deyə deputat vurğulayıb.
Şəbnəm Rəhimova













