Prezidentlə görüşən şəhid xanımı: “Dünən tək olmadığımızı hiss etdik”

Ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər.

Tədbir zamanı ölkə başçısı və birinci xanım şəhid ailələri və qazilərlə görüşüblər.

Gununsesi.info xəbər verir ki, görüşdə iştirak edən Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Ramiz Cəfərovun həyat yoldaşı Sitarə Cəfərova təəssüratlarını Modern.az-la bölüşüb.

“Dünənki görüşdə cənab Prezident və birinci xanımla çox səmimi danışdıq. Onlar bir daha hiss etdirdilər ki, qazi və şəhid ailələri tək deyil, dövlət hər zaman onların yanındadır. Dövlətimiz və rəhbərimizdən məmnunuq. Xoşbəxt xalqıq ki, Prezidentimiz bizə yüksək səviyyədə qayğı göstərir, problemlərimizi həll edir. Arzu edirəm ki, torpaqlarımız daim azad olsun, övladlarımız azad torpaqlarda böyüsünlər. Dünənki görüşümüz çox gözəl keçdi, Mehriban xanım Əliyeva hər zamankı kimi şəhid və qazi ailələrinə qayğı ilə yanaşdı. Həmişə arxayınıq ki, Ali Baş Komandan bizim arxamızdadır”, – deyə şəhid xanımı söyləyib.

Qeyd edək ki, Xüsuli Təyinatlı Qüvvələrin (XTQ) polkovnik-leytenantı Ramiz Cəfərov Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

 

Gununsesi.info