
“Hər kəs anlamalıdır ki, gözəgörünməz bəladan yeganə çıxış kütləvi şəkildə peyvəndlənmədir”.
Gununsesi.info xəbər verir ki, bunu Modern.az-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı son günlər ölkədə koronavirusa yoluxma hallarının kəskin artmasından danışarkən deyib.
Onun fikrincə, insanlar nə qədər tez peyvəndlənsə, pandemiyadan o qədər tez çıxmaq olar:
“Dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Təəssüf ki, bir neçə aydan sonra iki il olmasına baxmayaraq, pandemiyanın qarşısını tamamilə almaq mümkün olmayıb. Lakin inkişaf etmiş sivil dövlətlərin əksəriyyətində xəstəliyin azalmasının səbəbi mövcud tədbirlərin düzgün aparılmasıdır. Məsələn, hələ dekabr ayında İsrailin yarıdan çox əhalisi peyvəndlənmişdi.
Təəssüf hissi ilə bildirirəm ki, hələ də insanların az hissəsində vaksinə qarşı müsbət fikir formalaşmayıb. Həmin insanlarda peyvəndə qarşı ümidsizlik var və müxtəlif bəhanələrlə vaksindən yayınırlar. Amma hər kəs anlamalıdır ki, bu bəladan yeganə çıxış kütləvi şəkildə peyvəndlənmədir”.
Məlahət İbrahimqızı qeyd edib ki, xəstəxanalarda müalicə alan koronavirus xəstələrinin əksəriyyəti vaksin olunmayanlardır:
“Bu gün xəstəxanalarda və eləcə də evdə ambulator şəraitdə koronavirusdan müalicə olunan xəstələrin əksəriyyəti peyvənd olunmayanlardır. Ona görə də biz bu gün hər kəsə peyvəndin vacibliyini vurğulamalıyıq.
Koronavirusla bağlı son vəziyyət o qədər də ürəkaçan deyil. 3 milyon əhalisi olan qonşu Gürcüstanda gün ərzində 5 mindən çox yoluxma müşahidə olunur. Virus sərhəd tanımır. Mövcud durumu hər kəs gözaltına almalı və qoyulan qaydalara əməl etməlidir”.
Gununsesi.info