
Polşada Rusiya kəşfiyyat xidmətlərinin sifarişi ilə təxribat törətməkdə şübhəli bilinən 9 nəfər həbs edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə baş nazir Donald Tusk məlumat verib.
Bildirilir ki, həbs edilənlər arasında Ukrayna, Belarus və Polşa vətəndaşları da var. Polşa baş nazirinin sözlərinə görə, bunlar muzdlu, bəzən kriminal aləmdən olan insanlardır.
Tusk bu yaxınlarda Polşanın qərbində, Vroslavda boya fabrikini yandırmaq cəhdinin qarşısı alınan hadisəyə də toxunub. Onun sözlərinə görə yanğın Rusiya xüsusi xidmət orqanları tərəfindən sifariş edilib: “Vəziyyət çox ağırdır və analoji təxribat aktları Litva, Latviya və İsveçdə də qeydə alınıb”.
Bundan əvvəl Polşa prezidenti Andjey Duda bir neçə gün ərzində baş verən silsilə iri yanğınları ölkədə “vəziyyəti sabitliyi pozmaq cəhdi” adlandırmışdı. Eyni zamanda, Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yaçek Sevyera baş verənlərə xarici kəşfiyyat xidmətlərinin cəlb oluna biləcəyini etiraf edib.
Financial Times-ın məlumatına görə, bundan əvvəl Avropa İttifaqı ölkələrinin kəşfiyyat xidmətləri öz hökumətlərinə Rusiya hakimiyyətinin Avropada təxribat hazırlaması barədə xəbərdarlıq etmişdilər. Söhbət Rusiya agentləri və etibarlı şəxslərin köməyi ilə partlayışlar, yanğınlar və Avropa infrastrukturuna ziyan vurmasından gedir.
Mümkün təxribatla bağlı narahatlıqlardan əlavə, Rusiya genişmiqyaslı haker hücumlarında və dezinformasiya kampaniyalarında da ittiham olunur. Qərb kəşfiyyat rəsmisi FT-yə bildirib ki, Moskvanın hərəkətlərinə təcrid olunmuş şəkildə baxmaq olmaz, çünki Rusiyanın məqsədi “bütün cəbhələrdə” maksimum təzyiq göstərməkdir.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin özünü daha cəsarətli hiss edir və istər dezinformasiya kampaniyaları, istər təxribat, istərsə də haker hücumları kimi bir neçə cəbhədə maksimum ziyan vurmaq üçün imkanlar axtarmağa çalışacaq.
Rusiya kəşfiyyatının aqressivliyinin artması həm də SSRİ-nin dağılmasından sonra ən pis uğursuzluğundan sonra özünü bərpa etmək istəyini əks etdirir. Rusiyanın Ukraynaya təcavüzündən bir neçə həftə sonra Avropada diplomatik pərdə altında fəaliyyət göstərən 600-dən çox kəşfiyyatçı ifşa olundu.
Böyük Britaniyanın Kral Birləşmiş Xidmətlər İnstitutunun Müdafiə Araşdırmaları üzrə analitiklərinin son hesabatında qeyd olunur ki, Moskva diasporlardan və mütəşəkkil cinayət qruplarından istifadə edərək Avropadakı agentlərinə sızmaq üçün yeni cəhdlər edir.
Gununsesi.info