Natəvanla bağlı xatirələrini bölüşdü - Fotolar

“Natavanla ilk tanışlığımızı yazıram: 1999-cu ilin payız günləridir. ANS-ə təcrübə keçmək üçün gəlmişdim. Natavan məndən bir neçə ay əvvəl gəlmişdi. Universitetin jurnalistikasından gəldiyi üçün o, peşəksr fəaliyyətə tez başlamışdı. Arıq, uzun qız idi. Qısa qara saçları vardı. Onu daha çox prezident Heydər Əliyevin müşavirələrinə gedən görürüdüm. Məsuliyyətli, işinin öhdəsindən peşəkarlıqla gəlirdi”.

Gununsesi.info xəbər verir ki, bu sözləri aparıcı Qənirə Ataşova bir neçə gün əvvəl dünyasını dəyişən həmkarı Natəvan Babayeva haqqında yazıb. O, mərhumla ilk tanışlığını xatırlayıb:

“Səsi özündən də gözəl idi. Televiziyaya təzə gəldiyim üçün köhnələrə hər halda maraqlı idim. Orada həddini aşanların fonunda Natəvan kübarlığı ilə seçilirdi. Bir gün mənə yaxınlaşıb Salyandanam dedi. Üzüm güldü. Beləcə, başladım bu qıza isnişməyə. Daha bir gün isə Vahid müəllim iclasda “Natəvanı efirə hazırlayın” tapşırığını verdi. Natəvanı xüsusi olaraq stilist yanına göndərdilər. Şirkətə dönəndə ona heyran olmamaq mümkün olmadı. Saçlarının rəngi sarıya boyanmışdı, gözəl bəzənmişdi və çox cazib görünürdü. Efirə çıxacağı üçün diqqət mərkəzində idi. Hamı başına pərvanə kimi dolanırdı. Qibtə etdim… Onun yerində olmaq istəyənlərdən biri də mən idim. Natəvan ANS-in əsas xəbərlərinə aparıcı kimi çıxdı. İlk başda utanırdı. Amma səs tonu və duruşu bu gənc qızı hamıya sevdirdi. Sevildikcə də peşəkarlığı artırdı. Ulduzluq yolunda addımlamaq onu bizdən ayırmadı və əksinə daha yaxın etdi. Mən o zaman “İç Xəbər” proqramında müxbirlik edirdim. Sıralarımıza həmən daha bir qız qoşuldu. İndi hamının çox sevdiyi, dostluğa, yoldaşlığa vəfalı olan Fidan Quliyeva. Biz nahar yeməyini çalışırdıq birlikdə edək. Onlar şəhər qızları idi. Anaları onlara evdən bişirdiyi yeməklərdən qoyurdu. Mən kirayə yaşadığım üçün daha çox bufetdən alırdım. Amma bu qızlar mütləq mənimlə də paylaşırdılar. Natavan bir müddət sonra xəbərlərin həm əsas müxbiri, həm də aparıcılarından birinə çevrildi. Amma bizi bir-birimizə bağlayan Vahid Mustafayevin səhər iclasları oldu deyə bilərəm. Gündəlik proqramları təhlil edərkən həm danlanır, həm də təriflənirdik. Danlanan adam iclasdan sonra digər yoldaşları tərəfindən əhatə olunur, dəstəklənirdi. Biz belə çıxdıq uzun və incə bir yola. O yol sıramızın ən yaxşısı üçün qısa oldu. Həyatdır, barışacağıq. Mən gənc anamın ölümündən sonra bu həyata güldüm. Hamımız güldük. Yenə də güləcəyəm. Amma Natəvanla. Onu heç vaxt unutmayacağam. Əgər qocalmaq nəsibim olsa, o zaman da ondan danışacağam. Nəvələrimə, Natəvanın nəvələrinə…”.

Qeyd edək ki, Natavan Babayeva uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.