
Qırx gün tamam oldu!
Elə bilirəm, heç 40 saat da keçməyib…
Qırx gün əvvəl elə bu saatlarda Zülfüqarın ölüm xəbərini eşidəndə inanmamışdım, bunun növbəti bir zarafat olduğunu zənn etmişdim. Nə bilim, o qədər adamla zarafatları vardı ki!
Bu dəfə zarafat deyildi, həqiqət idi. Həm də çox acı həqiqət!
Ölüm-itimin ağrı-acısını erkən yaşlarımdan yaşamışam, dünyanın gərdişindən az-çox haliyəm. Atamı itirəndə heç 17 yaşım tamam olmamışdı. Gözümün önündə al-qanın içində can verən döyüş yoldaşımın, 6 ay nəşini tapa bilmədiyimiz şəhid qardaşımın, səhər yeməyini yeyib qurtaran kimi, süfrənin başında ruzisinə görə Tanrıya şükr edə-edə həyatla vidalaşmış anamın, məhəllədə qonşuları ilə deyib-güldüyü yerdə dünyasını dəyişən böyük qardaşımın acısı hələ canımdan çıxmayıb.
Doğma və əziz bildiyim ən yaxın çevrəmdə bu cür sarsıdıcı itkilərimiz çox olub. Amma Zülfüqarın ölümü mənə bir şeyi agah elədi: həyatda olan Zülfüqarla dünyasını dəişən Zülfüqar sanki başqa-başqa adamlarımış…
Ətrafı çox geniş idi, 2000-ci illərin ortalarından juranlstikaya gəlişi ona çoxlu dostlar qazandırmışdı. Aralarında sadə insanlardan tutmuş ölkənin ictimai həyatında üzdə olan tanınmış adamlarınadək müxtəlif peşə və düşüncə sahibləri vardı. Zülfüqarın ölümündən sonra üzdə olanların əksəriyyəti kənara çəkildi, itdi, yoxa çıxdı…
Əvəzində uzaqdan-uzağa tanıdığı, dostluq eləmədiyi, sadəcə, köhnə münasibətlərə xatir əlaqələri qırmamağa çalışdığı tanış-biliş, bəzən xahişini, istəyini və arzusunu yerinə yetirə bilməyəndə umub-küsən, hətta arxasınca danışanlar, gözdən salmaq üçün fürsət axtaranlar ən yaxın dost, istəkli kimi göründü, “var” oldu…
Zülfüqarın ölümündən sonrakı 40 gündə bu ziddiyyətin nədənini hər an axtarıram. Müdrik atalar sözlərindən başqa heç bir cavab tapa bilmirəm. Dəqiq bildiyim bir şey var: Zülfüqar ölməyib, o VAR, sadəcə, bu FANİ və YALANçı dünyadan HAQQ dünyasına köçüb!
2013-cü ildən bəri həyatını həsr etdiyi “Moderator.az” da yaşayır!
Özünün formalaşdırdığı kollektiv Zülfüqarsız çox çətin və ağır keçən bu 40 gündə saytın dayanmasına imkan vermədi!
Əsil dostları, etibarlı, sədaqətli və güvənli həmkarları Zülfüqarın yoxluğunu “Moderator”un oxucularına hiss etdirmədi!
Oğlu Hüseyn atasının yadigarı olan “Moderator”a sahib çıxdı!
Sən VARsan, Zülü!
YOX olanlara adam daha çox acıyır!
İnandıqlarımıza görə hər kəsin görüşmək məqamı var!
Yerin behişt olsun!
Elxan Salahov
Gununsesi.info