Sumqayıtda qızını birinci sinfə qoyan valideyn dövlət məktəbində müşahidə etdiyi hallardan narazılığını ifadə edib.
Gununsesi.info xəbər verir ki, valideyn Elşən Ədalətli sosial şəbəkə hesabında paylaşım edərək məktəblərdə şagirdlərə münasibət, dərs yükü və təşkil olunan tədbirlərlə bağlı tənqidi fikirlərini bölüşüb.
Elşən Ədalətli bildirib ki, qızını əvvəlcə özəl liseyə, xüsusilə Mübariz Liseyinə — Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinə qoymaq istəyib. Lakin yaşayış yeri və ailədaxili fikir ayrılıqları səbəbindən övladını müvəqqəti olaraq Sumqayıtda dövlət məktəbinə yerləşdirməyə qərar verib.
Valideynin sözlərinə görə, məktəbdə ilk bilik günü keçirilərkən direktor idman ayaqqabısı geyinən bir neçə yuxarı sinif şagirdinə digər şagirdlərin və valideynlərin qarşısında kobud münasibət göstərib və onları məktəbdən uzaqlaşdırıb.
Paylaşım müəllifi bu yanaşmanı tənqid edərək şagirdlərin davranış problemlərinin ictimai şəkildə təhqir edilməklə deyil, fərdi söhbət, səbəblərin araşdırılması və maarifləndirici yanaşma ilə həll edilməli olduğunu vurğulayıb.
O, həmçinin tədbir çərçivəsində təşkil olunan ədəbi-bədii kompozisiyanı tənqid edib.
Bildirib ki, bir saatdan çox davam edən proqram zamanı azyaşlı uşaqlar ayaqüstə dayanaraq müxtəlif səhnəcikləri və rəqsləri izləməli olublar. Bu isə onun qızının da yorulmasına səbəb olub.
Valideyn birinci sinif şagirdlərinin dərs yükü və müəllimlərin tədris metodları ilə bağlı da narahatlığını ifadə edib.
Onun iddiasına görə, evdə uşaqların imla və oxu bacarıqlarının yoxlanılmasına hazırlıq prosesi əlavə gərginlik yaradır. O, qızının müəlliminin qışqırmasından qorxduğunu dediyini də qeyd edib.
Elşən Ədalətli paylaşımında qızını məktəbdən çıxarmaq və səkkiz yaşına qədər onu əsasən sevdiyi, əyləncəli məşğuliyyətlərə yönəltmək qərarına gəldiyini bildirib.
Onun fikrincə, uşağın xoşbəxtliyi, sərbəst inkişafı və öz maraqlarına uyğun seçim etməsi formal təhsil tələblərindən daha vacibdir.
Paylaşım müəllifi təhsil idarəçiliyini də tənqid edərək məktəblərin idarə olunmasında pedaqoji təcrübə və təhsil menecmenti biliklərinin əhəmiyyətini vurğulayıb.
O, məktəblərdə direktorların təşəbbüsü və nüfuzu naminə təşkil edildiyini düşündüyü çoxsaylı tədbirlərin azaldılmasını, əlamətdar günlərin isə daha sadə və məqsədyönlü şəkildə qeyd olunmasını tövsiyə edib.
Qeyd edək ki, paylaşımda səsləndirilən fikirlər valideynin şəxsi müşahidə və qiymətləndirmələridir. Hadisələrlə bağlı məktəb rəhbərliyinin və aidiyyəti təhsil qurumlarının mövqeyi təqdim edilməyib.
Elmar












