
Model sevgilisi Razi Əliyevanı döyərək işgəncələr etməkdə təqsirləndirilən iş adamı Ziya Hüseynzadənin məhkəməsi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən tərəfin Z.Hüseynzadənin həbsdən ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb, lakin təmin edilməyib.
Zərərçəkmiş şəxslərdən birinin vəkili Asim Abbasov Gununsesi.info- ya bildirib ki, hazırlıq iclası təxirə salınaraq yanvarın 17-nə təyin edilib.
Həmçinin o, məhkəmənin hazırlıq iclası zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsini məhkəmədən xahiş etmişdir. Bildirib ki, ittiham ağırlığı, təqsirləndirilən şəxsin zərərçəkmiş Raziyyat Əliyeva və Gülnar İsayevaya gələcəkdə zərər yetirə biləcəyi və Ziya Hüseynov barəsində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət təqibi getdiyi kimi xüsusatlar nəzərə alınmalıdır.
Qeyd edək ki, Z.Hüseynzadəyə AR Cinayət Məcəlləsinin 127.2.2, 133.2.6, 134, 177.3.2, 182.3.2, 186.2.1, 221.1-ci maddələri ilə ittiham elan olunmuşdur.
İttihama əsasən cinayət işi üzrə 3 nəfər zərərçəkmiş şəxs qismində tanınmışdır. Z.Hüseynzadə R.Əliyeva ilə münasibətinin pozulmasından sonra onu dəfələrlə döyərək xəsarətlər yetirmişdir. Belə ki, Z.Hüseynzadə onun yaşadığı evdə başını ardıcıl olaraq döşəməyə döyərək işgəncələr etmiş, həmçinin yaşadığı 13-cü mərtəbədəki mənzilin pəncərəsinin qarşısına gətirərək onu yerə atmaqla hədələmişdir.
Bundan başqa Z.Hüseynzadə R.Əliyevaya məxsus olan 185000 manat dəyərindəki “Mercedes” markalı avtomobili təhvil verməsi üçün ona hədə-qorxular gəlmişdir. R.Əliyevanın Türkiyəyə getməsindən sonra isə avtomobilin yerini müəyyən edərək evakuatorla yaşadığı bağ evinə apararaq zədələmiş və avtomobilə 94000 manatlıq ziyan vurmuşdur.
Z.Hüseynzadə digər zərərçəkmiş şəxs G. İsayevanın mobil nömrəsinə zəng edərək R.Əliyevanın yerini deməyəcəyi təqdirdə guya onunla cinsi əlaqədə olmaları barədə həqiqəti əks etdirməyən məlumatları yayaraq G. İsayevanı rüsvay edəcəyi və ya öldürəcəyi ilə hədələmişdir. Həmçinin Z.Hüseynzadə R.Əliyevanın anası Xadijat Əliyevanın yaşadığı mənzilin qarşısına gələrək uca səslə onun və R.Əliyevanın ünvanına nalayiq ifadələr işlətmiş, təhqir etmiş və X.Əliyevanın mənzilin qapısına zərbələr endirməklə əmlakı qəsdən məhv etmişdir.
Gununsesi.info