
Jurnalistlər Ekstremal Şəraitdə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı Masallı və Astarada ilə Yeniyetmə və gənclər arasında vətən müharibəsinin təbliği – vətənpərvərlik hisslərinin gücləndiriməsi layihəsinə başlayır.
Lahyihənin rəhbəri Firuzə Əsədullayevanın sözlərinə görə, 3 ay boyunca keçiriləcək layihənin əsas məqasədi yeniyetmə və gənclərdə Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsinə marağın artırılması və vətənə məhəbbət hisslərinin daha da yüksəldilməsidir: “Həm Masallı, həm Astara rayonunda 1 günlük tədbirlər keçirəcəyik. Hər birində 25 nəfərin iştirakı planlaşdırılan tədbirlərdə gender bərabərliyinin qorunması şərtilə gənclər, müharibə əlilləri, qazilər, çeşidli sosial qrupların təmsilçiləri iştirak edəcək. Məqsədimiz savaş və real qəhrəmanlıq hekayələrinin ictimailəşdirilməsilə Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasına nail olmaqdır. Hər bir ordu o zaman güclüdür ki, onun arxasında dövləti kənar təsirlərdən qorumağı bacaran toplum var. 44 günlük savaşda Azərbaycan yumruq kimi birləşərək böyük bir tarixi proses başlatdı. Düşünürük ki, bu prosesi daha irəli aparmaq, cəmiyyəti bütöv, güclü Azərbaycan uğrunda səfərbər etmək üçün bucür layihələrə çox ciddi ehtiyac var”.
Layihə rəhbərinin fikrincə, layihənin Azərbaycanın cənub bölgəsində keçirilməsi son dərəcə önəmlidir. Onun sözlərinə görə, ölkənin digər bölgələri kimi cənub bölgəsindən olan gənclər 44 günlük savaşda igidlik göstərib, torpaqlarımızın işğaldan azad edilməsi üçün canlarını fəda ediblər: “Şəhid olanların xatirəsinin əziz tutulması həm də onların keçdiyi yol haqqında gənclər arasında təbliğat aparılmasından keçir. Ona görə də düşünürük ki, qazilərin bu tədbirlərdə iştirakı həm onlara diqqətin olması, həm də cəmiyyətə real örnəklərin verilməsi baxımından vacibdir”.