
Azərbaycan Maarifçi Xeyrxah Xanımlar İctimai Birliyi Bakıxanov qəsəbəsində yaşayan imkansız, yaşlı, tənha, xəstə və əlilliyi olan şəxslərin sosial problemlərinin həllinə dəstək layihəsinə başlayır.
İctimai Birliyin rəhbəri Kübra Babayevanın verdiyi bilgiyə görə, layihə üçün maliyyə dəstəyini Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi – Agentliyi ayırıb: “Tədbirlərimiz 3 ay müddətində Bakıxanov qəsəbəsində keçiriləcək. Əsas məqsədimiz qəsəbədə yaşayan yaşlı, tənha, xəstə və əlilliyi olan şəxslərin maddi və sosial problemlərinin həllində yardım etməkdir. Apardığımız araşdırmalar göstərir ki, bu sosial qrupa aid insanların həm sosial, həm tibbi, həm hüquqi yardıma çox ciddi ehtiyacları var. 3 ay boyunca onlara bu problemlərin çözümü üçün yardım edəcəyik. Düşünürəm ki, onları narahat edən və yaşlı, xəstə, eyni zamanda hüquq bilgilərinin az olmasından dolayı yığılan problemlərin çözümü bu şəxslərə ciddi mənəvi dəstək olacaq”.
Layihə rəhbəri bildirib ki, artıq layihəni həyata keçirəcək qruplar işə başlamaq üçün tam hazırdır: “Fiziki cəhətdən hərəkət etmək imkanı olmayan qoca, tənha və kimsəsizlərə evdə tibbi müayinənin və müalicənin təşkil olunmasını, gündəlik ev işlərinin görülməsi, gigiyenik tələbatlarının ödənilməsi üçün sosial təminat şöbəsinə müraciət edərək sosial işçilərin cəlb edilməsini təşkil etməyi planlaşdırmışıq. Eyni zamanda əlilliyi olan, tənha, qoca, kimsəsiz , xəstə şəxslərin tibbi ləvazimat və dərman preparatları ilə təmin olunmasına yardım edəcəyik.
Hüquqi problemlərlə üzləşən əlilliyi olan və tənha, kimsəsiz insanlara problemlərin həllində pulsuz hüquqi yardımlar göstəriləcək. Peşəkar hüquqşünasımız bu insanların fiziki və hüquqi şəxslərlə, dövlət orqanları ilə münasibətdə üzləşdikləri hüquqi xarakterli problemlərin həllində iştirak edəcəklər”.
Kübra Babayevanın sözlərinə görə, ehtiyacı olan sosial qruplara dəstək məsələsində xeyriyyəçilik ənənələrinin gücləndirilməsi məqsədilə keçiriləcək. Dəyirmi Masada isə xeyriyyəçilərin, bələdiyyyə , QHT və media nümayəndələrinin, dövlət orqanının birgə işinin təkmilləşdirilməsi yolları müzakirə ediləcək.