Maliyyə Nazirliyindən ittihamlara reaksiya - MALİYYƏ ÜÇÜN MÜRACİƏT EDİLMƏYİB

  • By admin
  • 25 Avqust 2021 16:59

Maliyyə Nazirliyi Gununsesi.info-nun “Hökumətyönümlü QHT-lər pulsuz qalıb – SAMİR ŞƏRİFOVDAN NARAZILIQ VAR” başlıqlı xəbərə reaksiya verib.

Qeyd edək ki, bununla bağlı QHT sektoruna istinadən dərc edilmiş yazıda Maliyyə Nazirliyinin yeni yaradılmış QHT agentliyinə büdcədən nəzərdə tutulan vəsaiti ödəmədiyi bildirilir.

Həmçinin, problemə səbəb kimi Agentliyinin fəaliyyətə başlaması üçün müvafiq strukturlaşmanın təsdiqlənmədiyi qeyd olunub.

Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev isə redaksiyamıza göndərdiyi açıqlamada nazirliyin ünvanına deyilənləri rədd edib:

“2021-ci il üzrə dövlət büdcəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə qeyri-hökumət təşkilatlarının qrant layihələrinin maliyyələşdirilməsi üçün 4 mln. 395 min manat vəsaitin ayrılması nəzərdə tutulub. Lakin təsdiq olunmuş büdcənin icrası ilə bağlı bu günədək bu işə cavabdeh qurum tərəfindən Maliyyə Nazirliyinə hər hansı müraciət və ya sifariş daxil olmayıb.
Bildiririk ki, qrant layihələrin maliyyələşdirilməsi üzrə müvafiq sifarişlər cavabdeh qurum tərəfindən Maliyyə Nazirliyinə daxil olan kimi ayrılacaq vəsaitin icrası qununvericiliyə uyğun olaraq xəzinədarlıq orqanları tərəfindən həyata keçiriləcəkdir”.

Elmar
Gununsesi.info