Lavrov Yaxın Şərqdəki müharibədə anqlo-saksonları ittiham etdi

Anqlo-sakson qüvvələri Yaxın Şərq regionunu böyük müharibənin astanasına gətirir və Qərbin bu xətti ənənəvi olaraq terrorizmin artmasına və çoxmilyonlu qaçqın axınına səbəb olur.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rusiya” Beynəlxalq Sərgi və Forumu çərçivəsində Bilik Cəmiyyətinin marafonunda çıxışı zamanı deyib.

“İndi biz anqlo-saksonların Yaxın Şərqi necə böyük müharibənin astanasına doğru itələdiyini görürük”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, Qərbin bu xətti Ukrayna, İraq, Liviya və Suriyada tam şəkildə özünü göstərir. “Belə siyasətin digər nəticələri terrorizm və ekstremizmin artması, insan talelərinin qırılması, dağılmış ailələr, çoxmilyonlu qaçqın axınıdır”, – Lavrov əlavə edib.

Rusiya XİN rəhbəri qeyd edib ki, ABŞ və onun müttəfiqlərinin metodlarına dünyanın müxtəlif regionlarında xaos toxumu səpmək, ölkələr və xalqlar arasında çəkişmələr törətmək, millətlərarası və dinlərarası ziddiyyətləri kəskinləşdirmək cəhdləri var: “Qərb öz problemlərini başqalarının hesabına həll etməyə və başqalarının resurslarından istifadə etməyə öyrəşib”.

Gununsesi.info