
İsrailin keçmiş baş naziri Yair Lapid Misir mətbuatına açıqlamasında İsrail ordusunun Qəzza zolağına hücumlarına toxunub.
Gununsesi.info xəbər verir ki, Lapid HƏMAS-ın əlində olan israilli girovların ailələri ilə görüşdüyünü və “İsrail regional güc deyil” deyib. “İsrail artıq təhlükəsiz bir yer və mənəvi dövlət deyil”, – deyə o əlavə edib.
Keçmiş baş nazir həmçinin İsrailin bu müharibədə qalib gəlmədiyini etiraf edib. “Nəticələri və fəsadları nə olursa olsun, istənilən razılaşmanı dəstəkləyəcəyik”, – deyə o qeyd edib.
Oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadaları İsrailə qarşı “Əqsa tufanı” əməliyyatının başladığını elan edib. Qəzza zolağından İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar İsrail yaşayış məntəqələrinə daxil olub.
HƏMAS bildirib ki, əməliyyat işğal altındakı Şərqi Qüdsdə Əl-Əqsa məscidinə hücuma və İsrailin fələstinlilərə qarşı artan zorakılığına cavabdır.
Buna cavab olaraq İsrail ordusu Qəzza zolağında onlarla döyüş təyyarəsindən istifadə etməklə HƏMAS-a qarşı “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib və bu, daha sonra Qəzza əhalisinin qətliamına çevrilib.
İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 270 nəfər artaraq 9770 nəfərə çatıb.
İsrailin oktyabrın 7-dən bu yana eksklavdakı hücumlarının qurbanları arasında 4800 uşaq və 2550 qadın var. Bundan əlavə, 24 mindən çox qəzzalı yaralanıb.
Qəzzanın 2,3 milyon sakini İsrailin havadan, qurudan və dənizdən kütləvi bombardmanları və eksklavın tam blokadası səbəbindən qida, su və dərman çatışmazlığından əziyyət çəkir.
İsraildə ölənlərin sayı 1500-ü ötüb.
BMT Baş Assambleyası təcili humanitar atəşkəsə çağırıb. Eyni zamanda, İordaniyanın təklif etdiyi qətnamənin lehinə 120 dövlət səs verib. Lakin İsrail bu təklifi rədd edib.
Gununsesi.info