Latviya və Ukrayna arasında maliyyə və texniki əməkdaşlıq haqqında saziş imzalanıb

Latviya və Ukrayna texniki və maliyyə əməkdaşlığına dair hökumətlərarası saziş imzalayıb.

Gununsesi.info bildirir ki, bu barədə məlumatı Baltikyanı “Delfi” onlayn xəbərlər şəbəkəsi yayıb.

Sənədi Latviyanın Baş naziri Evika Silins və Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakı ilə Latviya xarici işlər naziri Krisjanis Karins və ukraynalı həmkarı Dmitri Kuleba imzalayıblar.

Saziş Ukraynada Latviyanın inkişaf əməkdaşlığı proqramlarının və yenidənqurma layihələrinin həyata keçirilməsi üçün hüquqi baza təmin edəcək, həmçinin Ukraynaya texniki və maliyyə yardımının göstərilməsini asanlaşdıracaq.

Texniki və maliyyə yardımı layihəsinə əsasən, idxal olunan mal və göstərilən xidmətlər vergidən azad ediləcək. Latviya tərəfinin ekspertləri Ukraynada olduqları müddətdə güzəştlər əldə edəcəklər.

Karins Latviya tərəfinin Rusiya Federasiyası ilə münaqişədə Ukraynaya sarsılmaz dəstəyini vurğulayıb.

“Müqavilə daha sıx əməkdaşlığa doğru daha bir addımdır, çünki o, Ukraynanın mülki infrastrukturunu bərpa etmək və onun sakinlərini dəstəkləmək üçün yardımın göstərilməsini sadələşdirir”, Karins vurğulayıb.

Latviya 2022-ci ildən Ukraynanın yenidən qurulmasında iştirak edir, sosial infrastrukturu, mənzilləri yeniləyir və münaqişədən əziyyət çəkən qadınlara psixoloji dəstək göstərir. Agentlik qeyd edir ki, Latviya sonrakı illərdə Ukraynanın yenidən qurulmasında iştirak edəcək.

Gununsesi.info