
Son zamanla ardıcıl qadın ölümləri və zorakılıq halları ilə bağlı xəbərlər bütün cəmiyyəti sarsıdıb.
Son olaraq müğənni Yaqut Həşimovanın həyat yoldaşı tərəfindən qəsdən öldürülməsi barədə xəbər yayımlandı.
Dayanmadan artan qadın ölümlərinə səbəb nədir? Bunun qarşısını necə ala bilərik?
Mövzu ilə bağlı mətbuata açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa qadın ölümlərinin sayının artmasında səbəbi cəmiyyətin mədəniyyət səviyyəsinin aşağı olmasında görür:
“Qadın ölümlərinin sayının artması cəmiyyətin ümumi mədəniyyət səviyyəsinin aşağı olmasının göstəricisidir. Bu da cəmiyyət içi aqressiyadan qaynaqlanır. Kişilər hansısa bir məkanda təhqir edildikləri üçün bunun acığını evdən çıxırlar. Nəticədə gücləri qadına, uşağa çatır və onları öldürürlər. Yaxud da işsizlik, sosial problemlərdən qaynaqlanan məsələlər var ki, bunların hamısı birlikdə insanlarda vəhşilik elementlərini yaradır. Cəmiyyətdə problemlərin sağlam müzakirəsi aparılmalıdır. İnsanlar buna alışdırılmalı, mədəni müzakirəni qəbul etməlidirlər.”
Qadın ölümlərinin əxlaq problemlərdən də qaynaqlandığını deyən deputat, bu məsələnin həlli üçün müəyyən bir düsturun olmadığını deyib:
“Əxlaq problemləri də ailə sütunun dağılmasında və ümumiyyətlə, proseslərin bu hala gəlməsi üçün zəmin yaradır. Bir sıra komponentlər var ki, bunlar qətllərin əsas səbəbidir. Bu məsələdə hansısa düstur yoxdur ki, onu tətbiq edək ki, proses dayansın. Burada ancaq uzunmüddətli olaraq cəmiyyətin mədəni fikirlərinin və baxışlarının dəyişməsindən söhbət gedir. Motivinə görə bu cür vəhşiliklə adam Azərbaycanda öldürülə bilər, ancaq Kanada ya Amerikada bu motivdə adam öldürülmür. Bunun hamısı mühit və yalnış anlayışla bağlıdır. İnsanlar hüquq müstəvisində məsələnin çözülmədiyini beyinlərinə qoyduğu üçün qisas zəminində bu addımları atmağa üstünlük verirlər”.
Gununsesi.info