“Azərbaycan dövlətçilik meyarlarına bütöv şəkildə nail oldu” -Hüquqşünas

“Azərbaycan öz ərazisində öz hakimiyyətini tam təmin etməklə dövlətçilik meyarlarına bütöv şəkildə nail olmuş oldu”.

Bunu Gununsesi.info-ya açıqlamasında tanılnmışç hüquqşünas Polad Mehdiyev Prezident İlham Əliyevin Xankəndidə səsləndirdiyi bəyanatı şərh edərkən deyib.

“İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu ilin aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, 24 saatdan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi”, – Prezident vurğulayıb.

P.Mehdiyev bildirib ki, 1933-cü ildə bağlanmış Dövlətlərin hüquq və vəzifələri haqqında Montevideo Konvensiyası beynəlxalq hüquqda ən geniş şəkildə qəbul edilmiş dövlətçilik meyarlarını müəyyən edir:

“Konvensiyanın 1-ci maddəsində əsasən “Beynəlxalq hüquqi şəxs kimi dövlət aşağıdakı meyarlara malik olmalıdır:

1. Daimi əhali;

2. Müəyyən ərazi;

3. Hökumət;

4. Başqa dövlətlərlə əlaqələrə girmək qabiliyyəti”.

Hüquqşünas xatırladır ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra, həmin ilin dekabr ayında MDB nin yaradılması barədə Alma-ata bəyannaməsi qəbul edilib:

“Alma-ata bəyannaməsinin 3-cü bəndinə əsasən, MDB üzvü olan dövlətlər qraşılıqlı şəkildə dövlətlərin ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını tanıyır. Yəni bu sənədi imzalayan Ermənistan və Azərbaycan qarşılıqlı şəkildə ərazi bütövlüyü və sərhəd toxunulmazlığı ilə bağlı bəyannaməni imzalayıblar. Həmin bəyannamənin 4-cü bəndinə əsasən isə birliyə üzv olan respublikaların dövlət suverenliyi və daxili işlərinə müdaxilə etməməsinə hörmətlə yanaşacğını bəyan edirlər. Hər iki ölkə öz sərhədləri daxilində dövlət suverenliyi və daxili işlərə müdaxilə etməmə öhdəliyi üzərinə götürür. Bu həm də beynəlxalq hüquqdan irəli gələn prinsipdir”.

P.Mehdiyev bildirir ki, BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilib:

“BMT Nizamnaməsinin 2-də deyilir: “Təşkilat bütün üzvlərinin suveren bərabərliyi prinsipinə əsaslanır”.

Yuxarıda qeyd edilən beynəlxalq sənədlərə və beynəlxalq hüququn tələblərinə baxmayaraq 90-cı illərin əvvəllərində Ermənistan Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozaraq, keçmiş Dağlıq Qarabağ və ətraf rayonlarını işğal etmişdir.
Beynəlxalq cinayət hüququnda ayrıca cinayət kimi qəbul edilən təcavüz, genosid, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri ötən dövr ərzində Ermənistan dövləti, erməni qoşunları tərəfindən Azərbaycana qarşı törədilib”.

Hüquqşünasın sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də qurumun 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilib.

“İşğalçı ölkənin silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin təmini və münaqişənin danışıqlar yolu ilə həlli tələb edilib”, – o əlavə edib.

Hüquqşünas vurğulayır ki, 2020-ci ilin sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən başlanmış ikinci Qarabağ savaşı nəticəsində ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən qətnamələrini təkbaşına icra edərək, işğal altındakı ərazilərimiz qısa zaman kəsiyində işğaldan azad edib:

“Azərbaycan Konstitusiyasının 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir. Bu ilin aprel ayının 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü, ərazi toxunulmazlığımızı tam bərpa etdik”.

Polad Mehdiyev vurğulayır ki, BMT yə üzv olan ölkələrin hamsı suveren dövlətlərdir:

“Suveren dövlət — beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlətdir.

Azərbaycan Respublikasının Konstitusiyasının 2-ci maddəsinə əsasən sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.

Ərazimizin işğal olunması, ərazi bütövlüyümüzün pozulması həm də Azərbaycanın suverenliyinin qismən itirilməsi idi.
Azərbaycan Ordusu tərəfindən beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq ölkə ərazisində Azərbaycan Respublikasının suverenliyinin tam olaraq bərpa edilməsi, Qarabağ iqtisadi rayonunda yaşayanların Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını qəbul edib, ona tabe olması məqsədi ilə keçirilmiş bir günlük anti-terror əməliyyatı nəticəsində suverenliyimiz tam təmin edildi”.

 

 

Elmar
Gununsesi.info