İsrail bu bölgəni müharibə zonası elan etdi – Əhaliyə vərəqələr yayıldı

İsrail Qəzza zolağının cənubundakı Xan Yunus qəsəbəsini müharibə zonası elan edib və 4 bölgənin sakinlərini təxliyyə etmək üçün xəbərdar edib.

Beləliklə, İsrail daha əvvəl təhlükəsiz zona elan etdiyi Qəzza zolağının cənubunda genişmiqyaslı hücumlara başladığının siqnalını verib.

Gununsesi.info xəbər verir ki, müvafiq vərəqələr blokadada olan anklavın cənubundakı ən böyük yaşayış məntəqəsi olan Xan Yunus şəhərinin Əl-Qarara, Xuzaa, Absan və Beni Suhaile ərazilərində havadan səpələnib.

Mətndə qeyd olunur ki, Xan Yunus təhlükəli döyüş bölgəsinə çevrildiyi üçün təyin olunmuş dörd bölgənin sakinləri təcili olaraq Rəfah şəhərindəki sığınacaqlara təxliyə edilməlidir.

Xuza və Absan rayonları Xan Yunusun şərq hissəsində, İsraillə sərhədə yaxın, Əl-Qarara isə Səlahəddin məhəlləsinin yaxınlığında yerləşir.

İsrail ordusu həmçinin 1,7 milyon insanın qaçmaq məcburiyyətində qaldığı bölgəyə yeni hücumlar zamanı fələstinlilərin sığına biləcəyi iddia edilən əraziləri göstərmək üçün bütün Qəzza zolağının 2300-dən çox bloka bölündüyü xəritə dərc edib.

İsrail ordusunun blokadanı gücləndirdiyi və onun bəzi hissələrini işğal etdiyi Qəzza zolağı dünyanın üçüncü ən sıx məskunlaşdığı bölgə hesab olunur. 365 km-lik ərazidə 2,3 milyon insan yaşayır.

Gununsesi.info