İŞİD terror təşkilatı Rusiyanı niyə hədəf aldı? - FOTO

Moskvada törədilən  terror aktı İŞİD-in Putin hakimiyyətinə qarşı son təhdidlərini və ötən illərin qanlı hadisələrini xatırladıb.

Gununsesi.info xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada “Crocus Siti Hall”un konsert salonunda törədilən qanlı terror aktına görə məsuliyyəti üzərinə götürən İŞİD-in “niyə və indi Rusiyanı hədəfə alması” sualı ölkədə müzakirələrə səbəb olub.

Dünyanın gündəmində olan qanlı hücuma görə məsuliyyəti İŞİD terror təşkilatının Xorasan qolu öz üzərinə götürüb. İŞİD-in Əfqanıstan qolu kimi də tanınan İŞİD-Xorasan 2014-cü ildə ortaya çıxıb və Əfqanıstanda bir çox hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Terror qruplaşması həmçinin 2022-ci ilin sentyabrında Rusiyanın Kabildəki səfirliyinə qarşı intihar hücumu təşkil etdiyini açıqlayıb.

Hücumun əslində İŞİD terror təşkilatı tərəfindən olub-olmadığı müzakirə edilsə də, hadisə İŞİD-in Rusiyaya qarşı təhdidlərini gündəmə gətirib.

Qeyd edək ki, ABŞ-ın Moskvadakı səfirliyi martın 8-də Rusiyadakı vətəndaşlarına böyük terror aktı ola biləcəyi ilə bağlı xəbərdarlıq edib və onları izdihamlı yerlərdən uzaq durmağa çağırıb. Rusiya İŞİD-in sinaqoqa hücumunun qarşısının alındığını açıqlayıb.

Hərbi ekspertlərin fikrincə, İŞİD-Xorasan qruplaşması uzun müddətdir ki, Vladimir Putin administrasiyasını hədəf alan təhdid xarakterli bəyanatlar verir. Mərkəzi Asiyada Moskvanı hədəfə ala biləcək çoxlu silahlı terror qruplaşmalarının olduğuna diqqət çəkən Vaşinqtonda yerləşən Vilson Mərkəzindən Maykl Kugelmanın sözlərinə görə, İŞİD Suriyada İŞİD və digər islamçı qruplarla mübarizə aparan Rusiyanı müsəlmanlara zülm edən ölkə kimi görür.

Beslandakı məktəb qətliamı Rusiya tarixində ən qanlı hücumlardan biridir.

Suriya və İraqda sürətlə məhv olan İŞİD-in son vaxtlar Rusiyanın Çeçenistan, Dağıstan və İnquşetiya ərazilərində daha da gücləndiyi və özünə yeni üzvlər qazandığı da vurğulanır.

İslamçı təşkilatlar son 20 ildə Rusiyanı hədəf alan çoxlu terror aktları həyata keçirib. Xüsusilə 2000-ci illərin əvvəllərində Rusiyanın çeçenlərlə vuruşduğu zaman Rusiya torpaqları qanlı hücumlara səhnə olub.

2002-ci ilin oktyabrında çeçen silahlıları Moskvada teatr salonuna basqın edərək 800-ə yaxın insanı girov götürdülər, 2 gün sonra isə Rusiya xüsusi təyinatlılarının reydi zamanı 129 girov və 41 çeçen yaraqlı öldürüldü.

2004-cü ilin sentyabrında Rusiyanın cənubundakı Beslan şəhərində çeçenlər məktəbə basqın etdilər və yarısı uşaq olmaqla 330-dan çox adam öldü.

2015-ci ildə Misirdən havaya qalxan Rusiya təyyarəsinə yerləşdirilən bombanın partlaması nəticəsində 224 nəfər həyatını itirib və İŞİD terror təşkilatı hücuma görə məsuliyyəti üzərinə götürüb.

İŞİD son illərdə Qafqazda törədilən bəzi hücumlara görə də məsuliyyəti öz üzərinə götürüb.

 

Gununsesi.info