İstanbuldakı MOSSAD agenti əməliyyatında yeni detallar ortaya çıxdı

Əldə etdikləri məlumatları İsrail kəşfiyyat xidməti MOSSAD-a satdıqları təsbit edilən 7 şübhəli həbs olunmaları tələbi ilə ədliyyə orqanlarına təhvil verilib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Milli Kəşfiyyat Təşkilatı və Təhlükəsizlik Baş İdarəsinin birgə əməliyyatı zamanı saxlanılan 7 şübhəli barəsində prosedurlar tamamlanıb.

Prokurorluqda dindirildikdən sonra şübhəlilər həbs olunmaları tələbi ilə cinayət işi məhkəməsinə verilib.

Daha əvvəl bildirilib ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Polis İdarəsinin Terrorla Mübarizə İdarəsinin birgə keçirdiyi əməliyyat zamanı İsrail kəşfiyyat xidməti MOSSAD-a məlumat ötürməkdə şübhəli bilinən 7 nəfər saxlanılıb.

Türkiyə təhlükəsizlik güclərindəki mənbələrin məlumatına görə, saxlanılanlar arasında vaxtaşırı yerli televiziya kanallarının səhər verilişlərində iştirak edən özəl detektiv və keçmiş dövlət qulluqçusu Hamza Turhan Ayberk də var.

MOSSAD-ın “Viktoriya” kod adı altında agenti vasitəsilə Ayberk ilə əlaqə qurduğu bildirilir.

Türkiyə xüsusi xidmət orqanlarının məlumatına görə, Ayberk pul mükafatı qarşılığında MOSSAD-a məlumat verib.

O, Türkiyədə Yaxın Şərqdən olan şəxslər və şirkətlərin fəaliyyəti ilə bağlı məlumat toplamaq üçün dövlət rəsmilərinin də daxil olduğu qrup yaradıb.

Hamza Turhan Ayberk 2019-cu ildə Belqradda MOSSAD-dan qarşıda duran işlərlə bağlı təlimat alıb. Əvvəlcə İsrail kəşfiyyatı ona sadə tapşırıqlar verdi.

MOSSAD koordinasiyası altında Ayberk şifrəli rabitə proqramlarından istifadə edirdi. Rəsmi sənədlərdə əks olunmaması üçün o, kriptovalyutada xidmətlərin ödənişini alıb.

Ayberk informasiya ötürməklə yanaşı, təhdid və müşahidə ilə də məşğul olub. O, avtomobillərinə quraşdırdığı izləmə cihazından istifadə edərək, müşahidə hədəflərinin yeri barədə məlumatları dərhal MOSSAD-a ötürüb.

 

Gununsesi.info