
İordaniya və Misirin xarici işlər nazirləri blokadada olan Qəzza zolağındakı vəziyyəti və Fələstin anklavında atəşkəsə nail olmaq səylərini müzakirə ediblər.
Gununsesi.info-nun məlumatına görə, İordaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Qahirədə səfərdə olan idarənin rəhbəri Ayman əs-Səfədi misirli həmkarı Samih Şükri ilə görüşüb.
Nazirlər Qəzzada atəşkəsin təmin edilməsi üçün iki qardaş ölkə arasında aparılan məsləhətləşmə və koordinasiya prosesini nəzərdən keçiriblər.
İki ölkənin xarici işlər nazirliklərinin rəhbərləri beynəlxalq mühafizənin təmin edilməsi və Fələstin xalqına tam, təcili və davamlı humanitar yardımın çatdırılması məsələlərinə də toxunublar.
Nazirlər atəşkəsin təmin edilməsi və BMT Təhlükəsizlik Şurasının dekabrın 22-də qəbul etdiyi Qəzza zolağına humanitar yardımın çatdırılmasına dair 2720 saylı qətnamənin icrasının vacibliyini vurğulayıblar.
Həmsöhbətlər vurğuladılar ki, ümumi əhəmiyyət kəsb edən məsələlər və regional böhranların həlli istiqamətində səylər üzrə birgə əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi hər iki ölkənin ümumi arzusudur.
Ayman əs-Səfadi və Samih Şükri də ikitərəfli əlaqələri müzakirə edərək, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Gununsesi.info