
“İnam Kərimovun yeni hakim təyin olunması, təcrübəsizliyi və s. əsas gətirilərək Ali Məhkəmənin sədri təyinatına mənfi yanaşmalar sərgilənir. Düşünürəm ki, məhz onun indiki zamanda Ali Məhkəməyə sədr təyin olunması uğurlu addımlardan biridir”.
Bunu Gununsesi.info-ya açıqlamasında ekspert Osman Gündüz deyib.
Onun sözlərinə görə, İnam Kərimov 10 il öncə Azərbaycanda az qala bataqlığa batmış vəziyyətdə olan bütün dövlət xidmətləri sektorunda bir inqilab etmiş adamdır:
“Baxmayaraq ki, “Asan Xidmət ” Prezidentin siyasi iradəsi əsasında gündəmə gəlmişdi , amma onu yüksək səviyyədə reallaşdıran, onun, necə deyərlər “fəhləliyini edən” , rüşvət üstündə “oturan” kütləvi dövlət xidmətlərini şəffaflaşdıran , bir çoxlarının müqavimətini qıraraq şəffaf, korrupsiyasız və rüşvətsiz bir nəhəg dövlət xidməti sektoru quran məhz İnam Kərimov olub. Düşünürəm ki, məhz bu məqam onun indiki təyinatında mühüm rol oynayıb”.
Osman Gündüz deyir ki, Kərimovun innovasiyalara və texnologiyalara necə önəm verməsini də VXSİ Dövlət Agentliyi yanında İctimai Şura sədri olduğum müddətdə şahidi olub:
” İctimai iştirakçılıq haqqında qanundan əsər-əlamət olmadığı vaxtda İnam Kərimov Dövlət Agentliyində belə bir ictimai nəzarət qurumunu formalaşdırmaqda maraqlı olmuşdu.
Nüfuzu, təhsili, peşəkarlığı və mənəvi keyfiyyətləri də yetərincə yüksəkdir.
İnanıram və əminəm ki, İnam Kərimov bütövlükdə məhkəmə sisteminə yeni bir ab-hava, əsaslı dəyişikliklər gətirəcək, bu sahədə korrupsiya və rüşvətə imkan verməyəcək, innovasiyaların və texnologiyaların tətbiqi ilə şəffaf bir məhkəmə sistemi formalaşdıracaq, məhkəmənin nüfuzunu və müstəqilliyini qorumağa çalışacaq.
Prezident tərəfindən son zamanlar adları hallanan çoxsaylı namizədlər içərisindən məhz ona yüksək etimad göstərilib.
Ümid edirəm yeni Sədr də bunun fərqindədir.
Yəni, tam əminəm ki, o, ən azı yuxarıda qeyd etdiklərimin reallaşması üçün “vuruşacaq”.
Nəticənin necə olacağını isə zaman göstərəcək”.
Afət Abbasova
Gununsesi.info