Avropa Şurası Azərbaycan hakimiyyətinə İlqar Məmmədovun məhkumluğunun götürülməsi üçün müraciət etsə də, Ali Məhkəmə bununla bağlı qərar vermədi.
Hələ də İlqar Məmmədovun məhkumluğunun götürülməsi məsələsinə baxılmayıb. Beləliklə, İlqar Məmmədov seçkidə iştirak edə bilməyəcək.
Gununsesi.org-un məlumatına görə, ReAL təmsilçisi Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında məhkumluq götürülmədiyi üçün Avropa Şurası Nazirlər Komitəsinin növbədənkənar toplantısının olacağını deyib:
“İlqar Məmmədovun namizəd olması üçün üzərindən məhkumluq götürülməlidir. Avropa Məhkəməsinin qərarı var. Dekabrın 31-dək bu qərar verilməli və məhkumluq götürülməli idi. Azərbaycan hökuməti addım atmadı və bununla bağlı özünə ciddi problemlər yaratdı. Çünki Avropa Şurası Nazirlər Komitəsinin bununla bağlı növbədənkənar toplantısı olacaq”.
Natiq Cəfərli eyni zamanda başqa partiya üzvlərinin də namizədlikləri ilə bağlı problem yaşandığını diqqətə çatdırıb:
“Məhkumluğu olan Zaur Qurbanlı və Rəsul Cəfərov da var, hansı ki, namizədlikləri ilə bağlı problem yaşandı. Hətta məhkəmələrə də müraciət etdik, müsbət həllə bağlı heç bir qərar çıxmadı. Zaur Qurbanlıya imza vərəqləri verildi, sonra geri alındı. Rəsul Cəfərova isə ümumiyyətlə, imza vərəqlərini verilmədi. İlqar Məmmədovla bağlı hansı qərarın verilməsi artıq bizdən asılı deyil, məhkəmə qərarı olmalıdır, seçkilərdə də imzatoplamanın bitməsinə 3 gün qalıb, qeydiyyat başa çatır. Prosesi bilərək uzatdılar ki, İlqar bəy namizəd ola bilməsin. Hazırda partiyamızdan imza vərəqlərini götürüb imza toplayanların sayı 40 nəfərdən çoxdur. Amma neçə nəfərin qeydiyyatdan keçdiyini sonda biləcəyik. Bir-bir imzalar toplandıqca Dairə Seçki Komissiyalarına təqdim edilir”.
Qeyd edək ki, vəkil Adil İsmayılov İlqar Məmmədovun məhkumluğu məsələsinə toxunaraq bildirib:
“İlqar Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) 220.1-ci və 315.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib, cəza çəkməsinin əvvəli tutulduğu 04 fevral 2013-cü il tarixdən hesablanıb. Bundan sonra barəsində müxtəlif məhkəmə qərarları olub. Sonuncu Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2019-cu il tarixli qərarına əsasən Məmmədovun vəkilinin kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin 13 avqust 2018-ci il tarixli qərarı dəyişdirilib. Cəzası azaldılaraq 5 (beş) il 6 (altı) ay 9 (doqquz) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilib, həmin müddətdə həbsdə olması nəzərə alınmaqla cəzasını çəkib qurtarmış hesab edilib. İlqar Məmmədov ağır cinayətə görə məhkum edilib. Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinə əsasən ” ağır cinayətlərə görə məhkum olunmuş şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər”.
CM-in 83.1-ci maddəsində göstərilir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən “ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq götürülmüş hesab edilir”.
COMMENTS