
Gürcüstanın baş naziri İrakli Kobaxidze Qara dənizdə Anakliya limanının tikintisi üzrə tenderdə Çin şirkətinin qalib gəlməsini “Avropa və ABŞ ilə münasibətlərin arxasına vurulmuş zərbə” adlandıran prezident Salome Zurabişvilini kəskin tənqid edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, baş nazir Zurabişvilinin bu bəyanatını ciddi hesab etmir:
O, vurğulayıb ki, bu çox ciddi təxribat və spekulyasiyadır.
Onun sözlərinə görə, Gürcüstan üçün Çinlə ticarət-iqtisadi əlaqələrin inkişafı vacibdir.
Ona görə də Anaklia layihəsinin həyata keçirilməsi üçün çinli tərəfdaşların cəlb edilməsi bu vəzifəni asanlaşdıracaq.
İrakli Kobaxidze xatırladıb ki, ötən il Gürcüstan Çinlə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb ki, bu da Tbilisi üçün “siyasi və iqtisadi” əhəmiyyət kəsb edir:
“Gürcüstan tarixən strateji mövqeyə malikdir. Ölkəmiz Avropa ilə Asiyanı, Şərqlə Qərbi birləşdirir. Bu funksiyanı mümkün qədər bərpa etmək üçün Çinlə ticarət-iqtisadi əlaqələrimizi inkişaf etdirmək prinsipial əhəmiyyət kəsb edir”.
Bildirilir ki, Çin Anakliada Qara dənizdə ən dərin dəniz limanının tikintisi üzrə yeganə iddiaçıdır.
Gununsesi.info