
Beynəlxalq çağırışlara və yerli ictimaiyyətin tələblərinə baxmayaraq, Gürcüstan hökuməti “Xarici agent haqqında” qanunu parlamentdən keçirdi.
Bu qanunun qəbulu Gürcüstan cəmiyyətində ciddi daxili etirazlara səbəb olub. Hər keçirilən mitinqlər bir-birindən daha izdihamlı olması ilə seçilir.
Bu arada isə Gürcüstanın ali təhsil ocaqlarında oxuyan tələbələr də, “Rus qanunu”-na qarşı çıxıb. Artıq Gürcüstanın bir neçə ali məktəbində də tətillər başlayıb.
Bəs görəsən bu prosesin sonu necə olacaq?
Politoloq Əli Zülfüqaroğlu Gununsesi.info-ya açıqlamasında Gürcüstanın indiyə qədər Qərbdən ciddi maliyyə dəstəyi aldığını deyir: ” Bu eyni zamanda Qərbin Gürcüstanda möhkəmlənməsinə və proseslərə təsir imkanlarının əldə etməsinə şərait yaradıb. Bəllidir ki, Gürcüstan hökuməti Rusiya ilə münasibətləri normallaşdırmağa çalışmaqla yanaşı, Qərbin siyasi proseslərə təsir imkanlarını minimuma endirmək istəyir”.
Politoluqun sözlərinə görə, hakimiyyət bu səbəbdən sözügedən qanunun qəbul olunmasında israrlı oldu:
“Bəlli idi ki, hökumətin bu addımı daxili etirazlara yol açacaq. Çünki Qərbin Gürcüstanda kifayət qədər təsir imkanları var və eyni zamanda gürcü cəmiyyəti tamamilə fərqlidir. Gürcüstanda 30 min ictimai təşkilat fəaliyyət göstərir. Bu qanunun qəbulu qrantların kəsilməsi deməkdir”.
Ə.Zülfüqaroğlu əlavə edib ki, hökumətin bütün bunlara rəğmən sözügedən qanunu qəbul etməsi hər şeyin hesablandığını və planlaşdırıldığını deməyə əsas verir: “Etiraz dalğasının gündən-günə genişləndiyinin şahidi olsaq da hökumət geri çəkilməyəcək. Təbii k, baş verənlər hökuməti çətin duruma salır. Amma etiraz dalğasının hökumətin devrilməsi ilə nəticələnəcəyi ehtimalı azdır”.
Şəbnəm
Gununsesi.info