
Avqustun 20-dən etibarən Füzuli hava limanında sınaq uçuşları həyata keçirilir. Sınaq uçuşlar bu ayın 25-ə qədər davam edəcək. Məqsəd hava limanının texniki imkanlarını yoxlamaqdan ibarətdir.
Gununsesi.info xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Füzulidən olan deputatı Vüqar Bayramov deyib.
Deputatın sözlərinə görə, Füzuli Beynəlxalq Hava Limanı Azərbaycanın turizm potensialının inkişafına təkan verəcək:
“Qeyd edim ki, Füzulidə inşa edilən aeroport beynəlxalq hava limanıdır. Burada ilk uçuşların gələn ay – sentyabrdan reallaşacağı gözlənilir. Artıq sentyabrdan Füzuli hava limanında beynəlxalq uçuşlar baş tutacaq”.
V.Bayramov, həmçinin vurğulayıb ki, Füzuli aeroportu 1 saat ərzində 200 sərnişinə xidmət etmək imkanına malik olacaq. Bu da işğaldan azad olunmuş torpaqlarımıza daha çox turistin birbaşa səfər etməsinə imkan yaradacaq. Füzulidəki hava limanı Azərbaycanın turizm potensialının daha da irəliləməsinə öz töhfəsini verəcək.
Bildiyimiz kimi, Füzuli şəhəri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ilə avtomobil yolu vasitəsilə birləşir. Şuşaya getmək istəyən insanlar Füzuli aeroportundan istifadə edərək, qısa vaxt ərzində ora səfər edəcəklər. Bundan əlavə, Füzuli hava Limanı həm də hərbi təyyarələri qəbul etmək imkanına malik olacaq. Aeroport tək iqtisadi tərəfdən yox, eyni zamanda təhlükəsizlik baxımından da olduqca əhəmiyyətlidir”.
Gununsesi.info